Azərbaycanda avtomobil alarkən vətəndaşlar, əsasən, maşının mühərrikinə, yürüş məsafəsinə, ban və texniki vəziyyətinə diqqət yetirirlər. Lakin bəzən avtomobilin gələcəkdə satışına, bazar qiymətinə və istismarına ciddi təsir göstərə biləcək bəzi vacib detallar nəzərdən qaçırılır.
Bəs avtomobil alarkən alıcıların ən çox diqqətdən qaçırdığı təhlükəli məqam hansıdır?
Demokrat.az-a bu barədə danışan nəqliyyat eksperti Raqif Raufoğlu söyləyib ki, hazırda avtomobil alarkən diqqət yetirilməli olan ən vacib məqamlardan biri transmissiyadır.

Onun sözlərinə görə, transmissiya, yəni sürətlər qutusu əvvəllər alıcıların o qədər də maraqlandığı məsələ deyildi.
Onun sözlərinə görə, insanlar əsasən avtomobilin mühərriki ilə maraqlanır, hansı motora sahib olduğunu soruşurdular:
"Lakin indi transmissiyanın növünü də mütləq dəqiqləşdirmək lazımdır. Çünki avtomobil bazarında bu sahədə kifayət qədər dəyişikliklər baş verib. Məsələn, Hyundai markasının bir neçə modelində fərqli transmissiya növlərinə rast gəlinir. Alıcı düşünür ki, bu markanın avtomobillərini uzun illərdir tanıyır, modelləri haqqında məlumatlıdır. Lakin eyni modelin müxtəlif bazarlar üçün fərqli sürətlər qutuları ilə təchiz edildiyini bilməyə bilər.
Məsələn, avtomobildə ənənəvi avtomatik transmissiya olduğu düşünülsə də, sonradan onun robotlaşdırılmış sürətlər qutusu olduğu məlum olur. Belə hallarla dəfələrlə rastlaşmışıq. Sürücü avtomobili alır, hətta müəyyən müddət istifadə etdikdən sonra onun robot transmissiyaya malik olduğunu öyrənir. Robot transmissiyalara qarşı sürücülər arasında müəyyən tərəddüd var. Bəziləri belə avtomobilləri almaq istəmir, çünki gələcəkdə nasazlıq yarada biləcəyindən və satmaqda çətinlik çəkəcəyindən ehtiyatlanırlar. Kia modellərində də, Hyundai avtomobillərində olduğu kimi, bu cür fərqlərə rast gəlinir.
Əvvəllər robotlaşdırılmış transmissiyalara əsasən Volkswagen qrupuna daxil olan avtomobillərdə rast gəlirdik. İndi isə bu texnologiya daha geniş yayılıb. Buna görə də avtomobil alarkən yalnız mühərrikin həcmini və digər texniki göstəriciləri deyil, mütləq transmissiyanın növünü də öyrənmək lazımdır.
Hətta avtomobil elanlarında da transmissiya haqqında məlumatlar bəzən düzgün və ya kifayət qədər ətraflı göstərilmir. Məsələn, elanda sadəcə "avtomat" yazılır. Halbuki avtomatik transmissiyanın da müxtəlif növləri var. Bunlardan biri CVT, yəni pilləsiz transmissiyadır. Bu tip sürətlər qutularına xüsusilə Yaponiya avtomobillərində rast gəlinir. CVT transmissiya aqressiv sürüş tərzini sevmir və onun istismar xüsusiyyətləri digər transmissiyalardan fərqlənir. Sürücü bunu bilmədən avtomobili alarsa, sonradan problemlə üzləşə bilər.
Robot transmissiyalarda da vəziyyət eynidir. Sadəcə "robot" yazılması kifayət etmir. Çünki robotlaşdırılmış sürətlər qutularının da müxtəlif növləri var və onların etibarlılığı, texniki xüsusiyyətləri bir-birindən fərqlənir. Eyni zamanda, ənənəvi avtomatik transmissiyaların da 6, 7 və ya 8 pilləli növləri, müxtəlif istehsalçıları mövcuddur. Məsələn, ZF və Aisin kimi istehsalçıların transmissiyaları avtomobil bazarında geniş tanınır.
Ona görə də avtomobil almaq istəyən hər kəs ilk növbədə transmissiyanın hansı növ olduğunu dəqiqləşdirməlidir. Əgər avtomatik transmissiyadırsa, onun konkret hansı sistemə aid olduğunu öyrənmək vacibdir. Çünki bu məsələ təkcə avtomobilin istismarına deyil, gələcəkdə onun satış qiymətinə də ciddi təsir göstərir. Artıq avtomobil bazarında transmissiyanın növünə xüsusi diqqət yetirən alıcılar var və bu göstərici avtomobilin bazar dəyərinin formalaşmasında mühüm rol oynayır".


