Mənzil alarkən vətəndaşlar adətən hər kvadratmetrə görə müəyyən məbləğ ödəyirlər. Lakin mənzilin ümumi sahəsi hesablanarkən yalnız yaşayış otaqları deyil, balkon, divarların tutduğu yer və digər sahələr də nəzərə alına bilər. Bu isə alıcının faktiki istifadə edə bildiyi sahə ilə pulunu ödədiyi sahə arasında fərq yaradır.
Bəs mənzil alarkən balkonun və divarların sahəsinə görə də pul ödəyirikmi? Ümumi və yaşayış sahəsi necə hesablanır, ölçmələr zamanı yaranan fərqlər alıcının xərcinə nə dərəcədə təsir edir?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən novator memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan bildirib ki, Azərbaycanda mənzil alarkən vətəndaşların diqqət etməli olduğu əsas məsələlərdən biri müqavilədə göstərilən sahə ilə faktiki istifadə edilə bilən sahənin fərqidir.

Onun sözlərinə görə, bəzi tikinti şirkətləri mənzilin sahəsini təqdim edərkən divarların tutduğu hissələri və balkonları da tam hesablayırlar:
"Nəticədə vətəndaş 100 kvadratmetr mənzil aldığını düşünür, lakin mənzilin daxilində ölçmə aparıldıqda daha kiçik sahə ilə qarşılaşır. Mənzil alarkən yaşayış sahəsi, ümumi sahə və faktiki istifadə sahəsi olmaqla üç fərqli anlayışı bir-birindən ayırmaq lazımdır. Yaşayış sahəsi əsasən yaşayış otaqlarını, ümumi sahə isə tətbiq olunan hesablama qaydasından asılı olaraq mətbəx, dəhliz, sanitar qovşağı və digər hissələri əhatə edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən mənzilin ümumi sahəsi hesablanarkən bayır və ara divarlarının tutduğu sahə nəzərə alınmır. Tikinti obyektlərinin sahəsinin hesablanması qaydalarında isə balkon və terraslar üçün 0,3, lociya və şüşəbəndlər üçün 0,5, eyvanlar verandalar üçün 1,0 əmsalı müəyyən edilib. Məsələn, mənzildə 10 kvadratmetr açıq balkon varsa, müvafiq texniki hesablama qaydasında onun yalnız 3 kvadratmetri ümumi sahəyə əlavə edilir. Halbuki satış müqaviləsində həmin balkon tam sahə kimi qiymətləndirilərsə, alıcının ödədiyi məbləğ əhəmiyyətli dərəcədə arta bilər.
Tutaq ki, mənzilin müqavilə üzrə sahəsi 100 kvadratmetrdir, lakin eyni hesablama qaydası ilə faktiki sahə 90 kvadratmetr müəyyən olunur.
Bir kvadratmetrin qiyməti 2 000 manatdırsa, 10 kvadratmetr fərq 20 000 manat deməkdir. Bunun artıq ödəniş olub-olmaması müqavilənin şərtləri və hüquqi qiymətləndirmə ilə müəyyən edilməlidir. Vətəndaş mənzil almamışdan əvvəl onun ölçülü planını tələb etməli, daxili sahəni, divarların tutduğu hissələri və balkonun hesablanma qaydasını ayrıca öyrənməlidir. Vətəndaş yalnız neçə kvadratmetrə pul ödədiyini deyil, həmin məbləğin qarşılığında neçə kvadratmetr real istifadə sahəsi əldə etdiyini də bilməlidir. Mənzil satışında sahələrin hesablanması şəffaf olmalı, alıcıya müqavilə imzalanmazdan əvvəl bütün ölçülər və hesablama üsulu yazılı şəkildə təqdim edilməlidir".


