YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

"Bu hal bizim üçün ciddi təhlükəyə çevirilə bilər" — Deputat

Bu hal bizim üçün ciddi təhlükəyə çevirilə bilər — Deputat

Ukrayna və Rusiyada hava hücumu xəbərdarlıq sistemlərinə edilən kiber müdaxilələr, eləcə də dünyanın müxtəlif ölkələrində artan təhlükəsizlik narahatlıqları fövqəladə hallara hazırlıq məsələsini yenidən gündəmə gətirib. Böyük Britaniya, Fransa, Yaponiya və Avropa Komissiyası da daxil olmaqla, bir sıra ölkə və qurumlar mümkün hərbi təhdidlərə, kiberhücumlara və infrastruktur böhranlarına qarşı vətəndaşlara qabaqlayıcı tədbirlər görməyi tövsiyə edirlər. Bir çox ölkədə əhalinin mümkün fövqəladə hallar zamanı ilk 72 saat ərzində özünü təmin edə bilməsi üçün ərzaq, su və zəruri vasitələrdən ibarət ehtiyatlar yaratması təşviq olunur.

Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu məsələ hər kəsi narahat edir.

Onun sözlərinə görə, mövcud vəziyyət nüvə silahından istifadə ilə bağlı riskləri də aktuallaşdırır:

"Belə bir vəziyyətdə heç bir bölgə, o cümlədən Azərbaycan özünü tam təhlükəsiz hiss edə bilməz. Nəticələrin necə olacağını indidən söyləmək mümkün deyil, lakin bütün hallarda bu, bizim üçün də ciddi təhlükə mənbəyinə çevrilə bilər".

Fazil Mustafa əlavə edib ki, əhalini müəyyən dərəcədə maarifləndirmək, ekstremal şəraitdə hansı addımların atılmalı olduğu barədə məlumat vermək vacibdir:

"Əks halda, biz də belə bir vəziyyətə hazırlıqsız yaxalana bilərik. Buna görə də hazır olmalıyıq. Necə ki, aparıcı dünya dövlətləri təhlükə risklərini ciddi qiymətləndirərək müəyyən addımlar atırlar, bu məsələ bizə də aiddir və onu diqqətdə saxlamalıyıq".

Fidan Hacızadə

FH
Fidan Hacızadə
Müxbir