Finlandiyada sualtı rabitə kabellərinin zədələnməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. Hadisədə təqsirli bilinənlər arasında Azərbaycan vətəndaşı da var.
Demokrat.az xəbər verir ki, Helsinki Dairə Məhkəməsi "Fitburq" gəmisinin kapitanı və botsmanını kabellərə zərər vurulması ilə əlaqədar ağır təxribat törətməkdə təqsirli bilib.
Məhkəmənin qərarı ilə gəminin rusiyalı kapitanı Andrey Maksimenko 3 il 6 ay, Azərbaycan vətəndaşı Vüsal Məcidov isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxsin dərhal həbs olunması barədə qərar verilib.
Bundan başqa, təqsirləndirilənlərə zədələnmiş kabellərin və qaz boru kəmərinin təmiri, eləcə də yoxlanılması ilə bağlı yaranan xərcləri zərərçəkən tərəflərə ödəmək öhdəliyi qoyulub.
Qeyd edək ki, hadisə 2025-ci il dekabrın 31-də Fin körfəzində, Finlandiya ilə Estoniya arasında baş verib. Həmin vaxt sualtı rabitə kabelində zədələnmə qeydə alınıb. Finlandiya Sahil Mühafizəsi hadisə ilə əlaqədar şübhəli bilinən "Fitburq" gəmisini saxlayıb.
Gəminin 14 nəfərlik heyəti polis tərəfindən istintaqa cəlb olunub. Onların Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olduğu bildirilmişdi.


