Türk xalq musiqisinin tanınmış nümayəndələrindən olan Tuğrul Şan 78 yaşında yenidən ailə həyatı qurub. Sənətçi Ordu şəhərində Canan Erdaşla nikah masasına əyləşib.
Demokrat.az xəbər verir ki, açıq havada təşkil olunan mərasimdə cütlüyün yaxınları ilə yanaşı, Ordu valisi Muammer Erol da iştirak edib. Nikah mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə maraq doğurub.
1948-ci ildə Orduda anadan olan Tuğrul Şan musiqi fəaliyyətinə 1970-ci ildə Ankara Radiosunun Çoxsəsli Xorunda başlayıb. 1975-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Türk Xalq Musiqisi şöbəsinə keçən sənətçi, 1976-cı ildən solo proqramlarla dinləyicilərin qarşısına çıxıb.
O, radio fəaliyyəti dövründə bir çox xalq mahnısını ilk dəfə səsləndirərək geniş auditoriyaya tanıdıb. 1993-cü ildə İstanbul Radiosuna təyin olunan Şan 1997-ci ildə təqaüdə çıxıb. Daha sonra arzuladığı musiqi məktəbini açaraq gənclərin musiqi təhsili almasına dəstək göstərib.
Türkiyədə və xarici ölkələrdə konsertlər verən sənətçi ABŞ və Avropanın müxtəlif ölkələrində türk xalq musiqisinin təbliğinə də töhfə verib. Onun yaradıcılıq irsinə bir neçə musiqi albomu, 45 dövriyyəli plastinka və dörd film daxildir. Şan TRT-nin repertuarına da müxtəlif xalq mahnılarının toplanmış nümunələrini qazandırıb.
Sənətçinin 78 yaşında ailə qurması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bu qərarı təəccüblə qarşılayıb, digərləri isə xoşbəxtliyin yaşının olmadığını vurğulayaraq cütlüyə təbriklərini çatdırıblar.



