YapiKredi Müraciət Forması
Özəl Təhsil

"Süni intellekt müəllimi az qala əvəzləyə biləcək səviyyəyə çatıb"

Süni intellekt müəllimi az qala əvəzləyə biləcək səviyyəyə çatıb

Azərbaycanda məktəblərdə təhsilin keyfiyyəti və müəllimlərin tədris prosesindəki məsuliyyəti yenidən müzakirə mövzusuna çevrilib.

Demokrat.az-a bu barədə danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycan təhsil sistemi sosial şəbəkələrdə və mediada daim müzakirə mövzusu olur.

Süni intellekt müəllimi az qala əvəzləyə biləcək səviyyəyə çatıb

Onun sözlərinə görə, təhsil cəmiyyətin ən geniş təbəqəsini əhatə etdiyi üçün populyarlaşmaq və gündəmə gəlmək istəyən şəxslər bu sahədəki problemləri qabartmağa çalışırlar:

"Çünki bu sahə ilə bağlı hər kəsin diqqətini çəkən məqamları ortaya çıxarmaq mümkündür. Məsələn, təhsillə bağlı 4 milyondan artıq insanın tələbələrin, şagirdlərin, müəllimlərin və digər kontingentin reaksiyasını izləmək mümkündür.
Düşünmürəm ki, Faiq Ağayevin bu cür populyarlığa ehtiyacı var. Sadəcə, gündəmdə qalmağın yollarından biri də məhz bu mövzulara toxunmaqdır. Faiq Ağayev bu gün auditoriyalarda, siniflərdə deyil. Bildiyim qədərilə, onun təhsil alan övladı da yoxdur. Ola bilsin, yaxınlarından, əzizlərindən kimsə var. Sadəcə, bu cür fikir səsləndirmək üçün müəyyən qədər əsaslı dəlillər və sübutlar olmalıdır. Bu, əslində, 160 min Azərbaycan müəlliminin imicinə kölgə salan fikirdir. Ona görə düşünürəm ki, müəllimlər də bu məsələyə biganə qalmayacaq, öz münasibətlərini bildirəcəklər.

"Problem şagirddə yox, müəllimdədir" - Faiq Ağayev

Bugünkü müəllim bir qədər fərqli olmalıdır. Çünki artıq süni intellekt müəllimi az qala əvəzləyə biləcək səviyyəyə çatıb. Bizdən asılı olmayan səbəblərdən süni intellekt müəllimin gördüyü işi qabaqlayır və getdikcə daha çox ön plana çıxır. Məncə, Faiq Ağayev müəllimlərin süni intellektlə ayaqlaşmasında problemlər olduğunu desəydi, bunu qəbul etmək olardı. Ancaq müəllimlərin savadında problem olduğunu, daha doğrusu, dərs proqramında çatışmazlıqların olduğunu bildirməsi bir qədər tələsik və əsassız fikirdir. Düşünürəm ki, bu yanaşma daha çox təhsil ictimaiyyətinin və bütövlükdə cəmiyyətin gündəmində qalmaq məqsədi daşıyır".

Xatırladaq ki, müğənni Faiq Ağayev televiziya verilişlərinin birində məktəblərdə təhsilin keyfiyyətinə toxunaraq problemin şagirdlərdə deyil, müəllimlərdə olduğunu bildirmişdi. O, müəllimlərin dərs proqramını məktəbdə tam mənimsətməli və şagirdləri əlavə hazırlığa ehtiyac duymayacaq səviyyədə biliklə təmin etməli olduğunu vurğulamışdı.