YapiKredi Müraciət Forması
Özəl Dünya

"İslam və Türk dünyası üçün bu, böyük hadisədir, amma..."

İslam və Türk dünyası üçün bu, böyük hadisədir, amma...

ABŞ Senatına ilk dəfə müsəlman namizədin seçilməsi ölkənin siyasi tarixində diqqətçəkən hadisə kimi qiymətləndirilir. Miçiqan ştatında keçirilən seçkilərdə Abdul El-Seyid respublikaçı rəqibi Mayk Rocersi geridə qoyaraq qələbə qazanıb. Onun Senata seçilməsi ABŞ-də müsəlman icmasının siyasi təmsilçiliyi baxımından da mühüm hadisə hesab olunur.

ABŞ Senatına ilk müsəlman senatorun seçilməsi müsəlman-türk dünyası ölkələri ilə münasibətlər baxımından nə vəd edir?

Politoloq Tofiq Abbasov Demokrat.az-a açıalamasında bildirib ki, Qərb dünyasında, o cümlədən Amerika reallıqlarında müsəlmanlara və müqəddəs dəyərlərə münasibət son dərəcə soyuqdur:

İslam və Türk dünyası üçün bu, böyük hadisədir, amma...

"Hətta bəzi hallarda bu münasibət nifrət səviyyəsinə qədər yüksəlir. Ümumiyyətlə, etinasızlıq, qeyri-ciddi yanaşma və İslam dininə, müsəlmanlara qarşı dünyada aparılan qara piar öz rolunu oynayır. Çünki bəzi insanlar İslamla, müsəlmanlarla yaxın təmasda olduqdan sonra etiraf edirlər ki, bu anlayışları, məfhumları və həqiqətləri əvvəllər bilməyiblər. Çünki başqa mənbələr oxuyub, fərqli məlumatlarla tanış olublar.

Əbdül Əl-Seyidin ABŞ Senatına seçilməsi və ilk müsəlman senator kimi tarixə düşməsi çox böyük hadisə kimi qiymətləndirilməlidir. Seçki ərəfəsində Donald Tramp da açıq şəkildə öz rəqiblərinə müraciət edərək müsəlmanların seçkilərdə iştirakına qarşı çıxış edir, onların hətta metal detektorlarından keçirilməsinin vacibliyini, guya terrorçu ola biləcəklərini bildirirdi. Ağzına gələn fikirləri səsləndirirdi. Ancaq Əbdül Əl-Seyid də ona kifayət qədər yaxşı cavab verdi. Bildirdi ki, Trampın özünü yalan detektorundan keçirmək lazımdır və müəyyən məsələlərlə bağlı cəmiyyətə, xalqa hesabat verməlidir.

Beləliklə, onların söz savaşı davam etdi və nəhayət, Əbdül Əl-Seyid qələbə qazandı. Əlbəttə, İslam dünyası və Türk dünyası üçün bu, böyük hadisədir. Amma burada diqqət çəkən başqa bir məqam da var. Belə ki, Əbdül Əl-Seyid özü də etiraf edib ki, yaşadığı mühitdə erməni müəllimlərin, ustadların əlindən su içib. O, ABŞ Konqresi tərəfindən qəbul edilmiş 907-ci düzəlişin qüvvədə qalmasının tərəfdarı olduğunu da bildirir. Onun fikrincə, bu, guya Azərbaycanın Ermənistana qarşı işğalçılıq siyasəti yürütməsi ilə bağlıdır. Adımızı birbaşa çəkməsə də, onun bu fikirlərindən Azərbaycana qarşı mövqe sərgilədiyi aydın görünür. Mən düşünürəm ki, belə bir müsəlmanın senator seçilməsindən daha çox, onun rəqibinin qalib gəlməsi bizim üçün daha yaxşı olardı. Sən cəmi beş dəqiqə əvvəl seçilib-seçilməyəcəyini bilmirdin, indi isə qələbə qazanmısan və ilk çıxışında bildirirsən ki, bu qələbəyə görə ermənilərə borclusan, onların sənin üzərində böyük xidmətləri var. Hətta qeyd edirsən ki, ermənilər Qafqaz bölgəsində demokratik ruhu qoruyub saxlayan və zənginləşdirən xalqdır. Eyni zamanda, bölgədə onlara qarşı çıxan qara qüvvələrin olduğunu vurğulayırsan. Adımızı çəkməsə də, burada Azərbaycanın, eləcə də Türkiyənin nəzərdə tutulduğu aydındır".

Politoloq əlavə edib ki, belə insanlar siyasətlə məşğul olurlarsa, ən azı bölgənin tarixi ilə tanış olmalıdırlar:

"Onun ermənilərlə sıx əlaqələri və onlara xüsusi rəğbəti açıq-aydındır. Ancaq heç olmasa, Qarabağ müharibələrinin xronikasına nəzər salmalı, orada nələrin baş verdiyini, kimin kimə hücum etdiyini araşdırmalıdır. Xocalı soyqırımını kimin törətdiyini, 1980-ci illərin sonunda azərbaycanlıların kütləvi şəkildə Ermənistandan ayaqyalın, lüt vəziyyətdə qovulduğunu, etnik təmizləməyə məruz qaldığını bilməlidir. Azərbaycan xalqının 4 minə yaxın oğul və qızının Ermənistana qul kimi aparıldığı, onların taleyinin bu günə qədər məlum olmadığı faktı da var. Heç kim bilmir ki, həmin insanların başına hansı oyunlar gətirilib, sağ qalıblarmı, yoxsa dünyalarını dəyişiblər. Bilirsiniz, biz artıq müsəlman cəmiyyətində, Türk dünyasında da bəzi hallarda ikili standartların tətbiqinin şahidi olmuşuq. Mən belə başa düşürəm ki, bir insan müsəlmandırsa, bu, avtomatik olaraq onun bizim dostumuz olması demək deyil. Bu yanaşma düzgün deyil. Əbdül Əl-Seyid də açıqlamalarında ermənilərə böyük simpatiyasını nümayiş etdirir, onların müdafiəsində dayanır, haqlarının qorunmasını tələb edir. Bir tendensiya kimi, müsəlman bir şəxsin ABŞ Senatında yer alması, əlbəttə, çox vacib hadisədir. Bu, sözsüz və şübhəsizdir. Ancaq söhbət Azərbaycanın və Türk dünyasının mövqelərindən çıxış etməyən, ermənilərə dəstək verən bir müsəlmandan gedir. Bununla belə, bu hadisəni yeni tendensiya kimi qiymətləndirmək vacibdir. Çünki ilk dəfə qaradərili bir xanımın Konqresə seçilməsi, eləcə də Pit Heqsetin hərbi donanmadan uzaqlaşdırdığı 35 illik xidmət stajına malik üçulduzlu admiral xanımın Konqresə seçilməsi də mühüm hadisələrdir. İslamda böyük bir dəyər var. İslamın dəyərlərindən biri də budur ki, haqqı pozulan insanın hansı dinə mənsub olmasının fərqi yoxdur, onun müdafiəsində dayanmaq lazımdır. Bu, müsəlmanın borcudur. Həmin insanın, qrupun və ya qüvvənin haqqını müdafiə etmək lazımdır. Hətta İslamda "mustəzəfin" anlayışı var. Bu, haqqı pozulmuş, zülmə məruz qalmış insanlar deməkdir. Quranda da bu məsələyə toxunulur. Bu, həm də Peyğəmbərimizin vəsiyyətlərindən biridir. Əgər hər hansı bir insanın haqqı pozulursa, onun mənliyinə, şəxsiyyətinə toxunulursa, həmin insanın müdafiəsində dayanmaq lazımdır. Heç bir fərqi yoxdur ki, o, müsəlmandır, xristiandır, yoxsa yəhudi. Ona görə də hesab edirəm ki, Əbdül Əl-Seyidin Senatda ilk müsəlman senator kimi yer alması böyük və vacib hadisədir. Ancaq ümid edək ki, o, erməniləri dəstəkləmək məsələsində bir qədər ehtiyatlı davranacaq, digər tərəfdən, Qafqazda nələrin baş verdiyini daha diqqətlə araşdıracaq. Biz görürük ki, erməni establişmenti, daha doğrusu, Amerika establişmenti Qafqazla bağlı kifayət qədər yaxından maraqlanır və fəaliyyət göstərmək istəyir. Artıq TRIPP layihəsinin reallaşdırılması da gündəmdədir. Nəhayət, bu yaxınlarda G20 sammitinə ABŞ Prezidenti Donald Tramp tərəfindən Prezident İlham Əliyev də dəvət olunub. Bütün bu məsələlərə nəzər saldıqda görürük ki, senator statusu qazanan şəxs artıq yüksək səviyyəli siyasətçi hesab olunur. Ona görə də belə mövzularda yanlış mövqe sərgiləməməli, məsələlərə daha dərindən yanaşmalıdır".