YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Balqabaq və şokoladlı payız piroqu – Çay süfrəsi üçün asan resept

Balqabaq və şokoladlı payız piroqu – Çay süfrəsi üçün asan resept

Payız mövsümündə balqabaqdan hazırlanan şirniyyatlar xüsusilə məşhurlaşır. Şokoladlı biskvitlə balqabağın birləşməsindən hazırlanan yumşaq və ətirli piroq isə bu tərəvəzi sevməyənlərin də xoşuna gələ bilər.

Demokrat.az xəbər verir ki, resept İspaniyanın "Hogarmania" nəşrində, aşpaz Karlos Arginianonun "Açıq mətbəx" proqramına istinadən təqdim olunub. Hazırlanması çətin olmayan bu desert çay süfrəsi üçün uyğun seçimdir.

Lazım olan ərzaqlar:

- 250 qram balqabaq;
- 100 qram qəhvəyi şəkər;
- 150 qram un;
- 150 qram tünd şokolad;
- 4 yumurta;
- 75 ml günəbaxan yağı;
- 16 qram qabartma tozu;
- 1 xörək qaşığı üyüdülmüş darçın;
- üzəri üçün şəkər kirşanı;
- istəyə görə nanə yarpaqları.

Hazırlanma qaydası

Əvvəlcə soba üçün nəzərdə tutulan forma yağlanır və üzərinə az miqdarda un səpilir. Şokolad xırda hissələrə bölünərək su hamamında əridilir. Balqabaq yuyulub sürtgəcdən keçirilir. Ayrı qabda un, qabartma tozu və darçın qarışdırılır.

Daha sonra yumurtalar mikserlə çalınır. Çalmağa davam edərək üzərinə tədricən qəhvəyi şəkər və günəbaxan yağı əlavə edilir. Ardınca unlu qarışıq və sürtgəcdən keçirilmiş balqabaq əlavə olunaraq bütün ərzaqlar yaxşıca qarışdırılır.

Alınan xəmir iki bərabər hissəyə bölünür. Onlardan birinə əridilmiş şokolad əlavə edilərək qarışdırılır və bişirmə formasına tökülür. Digər xəmir hissəsi də üzərinə əlavə olunur. Taxta spatula ilə yüngül qarışdıraraq iki rəngli görünüş əldə etmək mümkündür.

Piroq əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada təxminən 30 dəqiqə bişirilir. Hazır olub-olmadığını taxta çöp vasitəsilə yoxlamaq olar: çöp xəmirə batırıldıqdan sonra təmiz çıxırsa, piroq hazırdır.

Bişdikdən sonra desert formanın içində soyudulur, daha sonra çıxarılaraq üzərinə şəkər kirşanı səpilir. İstəyə görə nanə yarpaqları ilə bəzədilərək süfrəyə verilə bilər.