YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Həm pensiya alırlar, həm işləyirlər — Vüqar Bayramovdan açıqlama

Həm pensiya alırlar, həm işləyirlər — Vüqar Bayramovdan açıqlama

Azərbaycanda pensiya yaşına çatmasına baxmayaraq əmək fəaliyyətini davam etdirən vətəndaşların sayı diqqət çəkir. Bir tərəfdən, bu şəxslər pensiya ilə yanaşı əməkhaqqı əldə edərək gəlirlərini artırır, digər tərəfdən isə təcrübə və peşə bacarıqlarını əmək bazarında tətbiq etməyə davam edirlər. Yaşlı əhalinin iqtisadi fəallığının qorunması həm əmək bazarının tələbatı, həm də ölkənin iqtisadi inkişafı baxımından əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, rəsmi statistikaya əsasən, hazırda 105 mindən çox vətəndaş həm pensiya alır, həm də əmək fəaliyyətini davam etdirir.

Həm pensiya alırlar, həm işləyirlər — Vüqar Bayramovdan açıqlama

Onun sözlərinə görə, onlardan 57 min 374 nəfəri 65 yaşdan yuxarı şəxslərdir:

"Belə ki, işləməyə davam edən pensiyaçıların 38 min 562 nəfəri 65-69, 14 min 905 nəfəri 70-74, 3 min 907 nəfəri isə 75 və daha yuxarı yaş qrupuna daxildir. Digər işləyən pensiyaçılar isə 65 yaşı tamam olmadan, xüsusi və ya güzəştli şərtlərlə pensiyaya çıxan vətəndaşlardır. Əgər vətəndaş pensiya aldığı halda əmək fəaliyyətini davam etdirir və çalışdığı sahəyə töhfə verirsə, bu, müsbət haldır. Bu, həm iqtisadi dəyərin yaradılmasına, həm də həmin şəxslərin sosial təminatının yaxşılaşmasına xidmət edir. Özəl sektorda yaşla bağlı hər hansı məhdudiyyət yoxdur. Dövlət sektorunun bəzi sahələrində isə belə limitlər mövcuddur. Həmin sahələrdə 65 yaş tamam olduqdan sonra müvafiq dövlət qurumunun razılığı ilə əmək fəaliyyətinin müddəti hər dəfə bir il olmaqla uzadıla bilər. Pensiya yaşına çatmasına baxmayaraq, əmək bazarında qalmaq və çalışdığı sahəyə töhfə vermək istəyən vətəndaşların fəaliyyətini davam etdirməsi üçün şərait yaradılsın. Çünki bu, həm əmək bazarında təcrübəli kadrların bilik və bacarıqlarından istifadə olunması, həm də pensiyaçıların aktiv əmək həyatından kənarda qalmaması baxımından əhəmiyyətlidir".