YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Qonşunuzun sizin torpaqda bu hüquqları var

Qonşunuzun sizin torpaqda bu hüquqları var

Torpaq sahəsinin mülkiyyətçisi olmaq həmin ərazidən yalnız özünün istifadə edə biləcəyi anlamına gəlmir. Bəzi hallarda qanunvericilik başqa şəxslərə də müəyyən şərtlər daxilində başqasının torpağından istifadə etmək hüququ verir. Xüsusilə kommunikasiya xətlərinin çəkilməsi, boru kəmərlərinin və elektrik xətlərinin keçirilməsi zamanı bu məsələ aktuallaşır.

Demokrat.az xəbər verir ki, Azərbaycanda daşınmaz əmlak sahiblərinin əksəriyyətinin diqqət yetirmədiyi hüquqi məsələlərdən biri də qonşu torpaq sahəsindən kommunikasiya xətlərinin keçirilməsidir. Belə ki, qanunvericilikdə müəyyən şərtlər daxilində bir şəxsin mülkiyyətində olan torpaq sahəsindən başqa şəxsin ehtiyacları üçün istifadə edilməsinə imkan verən müddəalar mövcuddur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 169.2-ci maddəsinə əsasən, quyuların qazılması, drenaj, qaz və digər boruların, eləcə də yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi üçün başqa şəxsin torpaq sahəsindən istifadə edilmədən bu işləri həyata keçirmək mümkün deyilsə və ya bu, həddindən artıq yüksək xərclər tələb edirsə, torpaq sahibi həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.

Lakin bunun mühüm şərti var. Belə ki, torpaq sahibinə dəymiş zərərin əvəzi qabaqcadan və tam şəkildə ödənilməlidir.

Məcəllənin 169.3-cü maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçisinin öz mənafelərinin ədalətli şəkildə nəzərə alınmasını tələb etmək hüququ da var. Yerüstü xətlərin çəkilməsi zamanı müəyyən fövqəladə hallar olduqda, o, xəttin keçdiyi torpaq hissəsinin tam əvəzi ödənilməklə ayrılmasını da tələb edə bilər.

Bundan başqa, Mülki Məcəllənin 255-ci maddəsində servitut anlayışı nəzərdə tutulub. Bu hüquq torpaq sahəsindən piyada və avtomobillə keçid, elektrik və rabitə xətlərinin, boru kəmərlərinin çəkilməsi və istismarı, su təchizatı kimi ehtiyacların təmin edilməsinə imkan verir.

Beləliklə, torpaq sahəsinin mülkiyyətçisi olmaq bütün hallarda həmin ərazidən istifadəyə mütləq və məhdudiyyətsiz hüquq demək deyil. Qanunla müəyyən edilmiş şərtlər yarandıqda başqa şəxslərin də həmin əmlakdan məhdud istifadə hüququ yarana bilər.