Yumşaq, yüngül və köpüklü omlet hazırlamaq üçün yumurtanın düzgün çalınması vacibdir. Peşəkar aşpazlar bunun üçün çəngəldən deyil, məhz mətbəx çırpıcısından istifadə etməyi məsləhət görürlər.
Demokrat.az xəbər verir ki, bu barədə "Simply Recipes" nəşri dörd peşəkar aşpazın fikirlərinə istinadən yazıb.
Aşpazların sözlərinə görə, çırpıcı yumurtanın ağı ilə sarısını daha yaxşı qarışdırmağa və kütləyə hava daxil olmasına kömək edir. Nəticədə bişmiş yemək daha yüngül, yumşaq və eyni teksturalı olur.
Resept mütəxəssisi Kris Osborn bildirib ki, yumurtanın yaxşı çalınması yeməyin keyfiyyətinə birbaşa təsir edir. Çünki yumurta ağı və sarısı istilik zamanı fərqli reaksiyalar verdiyindən onların tam qarışdırılmaması hazır yeməyin teksturasında fərqlilik yarada bilər.
Aşpaz Enn Vulf da kiçik ölçülü çırpıcılara üstünlük verir. Onun fikrincə, bu alət yumurta kütləsini daha tez homogenləşdirir və tərkibindəki hava miqdarını artırır. Kulinariya eksperti Koko Morante isə xüsusi yumurtaçalan alətdən istifadə etdiyini bildirib.
Bəs yumurtanı çəngəllə çalmaq olarmı?
Yumurta bişirilməsi üzrə ekspert Sara Bet Tanner hesab edir ki, çırpıcı daha yaxşı nəticə versə də, çəngəldən istifadə etmək də mümkündür. Onun fikrincə, əsas məsələ hansı alətdən istifadə edilməsi deyil, yumurtanın nə dərəcədə yaxşı qarışdırılmasıdır.
Tanner yumurtanı təxminən 15-25 saniyə ərzində enerjili şəkildə qarışdırmağı tövsiyə edir. Bu müddətdə ağ və sarı tam birləşməli, qarışıq vahid rəng almalıdır. Bununla belə, yumurtanı həddindən artıq çalmaq da məsləhət görülmür.
Mütəxəssislərin fikrincə, daha havalı və yumşaq nəticə əldə etmək istəyənlər üçün çırpıcı daha əlverişli seçimdir.


