Bir ayağın qəfil şişməsi sadəcə yorğunluq və ya uzun müddət hərəkətsiz qalmaqla bağlı olmaya bilər. Bu əlamət ciddi damar problemlərinin, o cümlədən trombozun göstəricisi ola bilər.
Demokrat.az xəbər verir ki, damar cərrahı və fleboloq Konstantin Surtaev bu barədə "Gazeta.ru"ya açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, şişkinlik toxumalarda mayenin toplanması nəticəsində yaranır. Buna uzun müddət oturmaq, həddindən artıq duz qəbulu və travmalar səbəb ola bilər. Lakin bəzi hallarda bu vəziyyət ürək, böyrək, qaraciyər, damar və qalxanabənzər vəz xəstəlikləri ilə də əlaqəli olur.
Həkim bildirib ki, şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən özbaşına istifadə etmək düzgün deyil. Mərcangilə yarpağı, qatırquyruğu, ayıqulağı və cəfəri sidik ifrazını artıra bilsə də, problemin əsas səbəbini aradan qaldırmır. Bu vasitələrin həddindən artıq istifadəsi susuzlaşmaya, təzyiqin aşağı düşməsinə və orqanizmdə elektrolit balansının pozulmasına səbəb ola bilər.
Mütəxəssis həkim məsləhəti olmadan sidikqovucu dərman qəbul etməyin də təhlükəli olduğunu vurğulayıb. Belə preparatların düzgün seçilməməsi əzələ qıcolmaları, ürək ritminin pozulması və böyrək problemləri ilə nəticələnə bilər.
Surtaev su qəbulunu kəskin azaltmağın, sauna və isti vannaların da şişkinliyin müalicəsi olmadığını qeyd edib. Onun sözlərinə görə, bu üsullar orqanizmdə maye itkisinə və təzyiqin aşağı düşməsinə səbəb ola bilər.
Həkim xüsusilə bir ayağın qəfil şişməsinə diqqət çəkib. Şişkinlik ağrı, qızartı və həmin nahiyədə istilik hissi ilə müşayiət olunursa, bu, dərin vena trombozunun əlaməti ola bilər. Belə hallarda vaxt itirmədən tibbi yardıma müraciət etmək vacibdir.
Mütəxəssis kələm, kartof, duz və soda ilə hazırlanan kompreslərin də problemin səbəbini aradan qaldırmadığını bildirib. İntensiv masaj və düzgün tətbiq edilməyən sıx sarğılar isə vəziyyəti daha da ağırlaşdıra bilər.


