"Qalatasaray"ın gənc futbolçusu Aleksey Batrakov UEFA Çempionlar Liqasında göstərdiyi performansla klubun tarixinə düşüb. Rusiyalı yarımmüdafiəçi "Ştutqart"la matçda vurduğu iki qolla bir neçə rekorda imza atıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İstanbul təmsilçisi doğma meydanda Almaniya klubunu qəbul edib. Qarşılaşmanın 12-ci dəqiqəsində Batrakov hesabı açıb. Rayan Sallainin cərimə meydançasına göndərdiyi topu müdafiəçilər uzaqlaşdıra bilməyib və rusiyalı futbolçu dəqiq zərbə ilə fərqlənib.
Gənc oyunçu cəmi üç dəqiqə sonra yenidən rəqib qapısına yol tapıb. Davinson Sançesin müdafiə xəttinin arxasına ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Batrakov topu onun ayaqları arasından keçirərək dubl edib.
Bir neçə rekordu yenilədi
21 yaş 147 günlük Batrakov bu qollarla "Qalatasaray" tarixində Çempionlar Liqasının bir oyununda dubl edən ən gənc futbolçu olub. O, həmçinin klub tarixində turnirdə bir matçın ilk 15 dəqiqəsində iki qol vuran ilk oyunçu kimi qeydə alınıb.
Rusiyalı futbolçu daha bir uğura da imza atıb. O, "Qalatasaray"ın heyətində ardıcıl üç Çempionlar Liqası matçında qol vuran ilk yarımmüdafiəçi olub. Batrakov bundan əvvəl "Barselona" və "Lill"lə görüşlərdə də rəqib qapılarına yol tapmışdı.
Qeyd edək ki, futbolçu Çempionlar Liqasında son beş dəqiq zərbəsinin dördünü qolla nəticələndirib.


