Rusiyanın Başqırdıstan Respublikasında 2026-cı ildə araşdırılan gənələrin 20,4 faizində borrelioz infeksiyası aşkarlanıb. Bölgədə gənə dişləməsi nəticəsində 16 nəfərdə Laym xəstəliyi, 10 nəfərdə isə gənə ensefaliti qeydə alınıb.
Demokrat.az xəbər verir ki, bu barədə Rospotrebnadzorun regional idarəsi məlumat yayıb.
Bildirilib ki, cari ildə gənə dişləməsi ilə əlaqədar 7162 nəfər tibbi yardıma müraciət edib. Onların 2567-si uşaqlar olub. Müqayisə üçün, 2025-ci ildə bu göstərici 10 153 nəfər təşkil edib.
Laborator müayinələr zamanı yoxlanılan gənələrin 20,4 faizində borreliozun törədiciləri, 0,4 faizində isə gənə ensefaliti virusu aşkarlanıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, gənə ensefaliti sinir sisteminin ağır zədələnməsinə, hətta iflicə səbəb ola bilər. Müalicə olunmadıqda borrelioz isə oynaqlara, ürəyə və sinir sisteminə zərər verə bilər. Xəstəliyin əsas əlamətləri arasında hərarət, baş ağrısı, halsızlıq və gənə dişləyən nahiyədə dərinin qızarması yer alır.
Rospotrebnadzor mütəxəssisləri ensefalitə qarşı peyvəndləməyə payız aylarından başlamağı tövsiyə edirlər. Bununla yanaşı, vurğulanır ki, ensefalitə qarşı vaksin borreliozdan qorumur. Gənə dişləməsinin qarşısını almaq üçün təbiət qoynuna çıxarkən qoruyucu vasitələrdən istifadə etmək, bədəni örtən geyimlər seçmək və gəzintidən sonra dərini yoxlamaq məsləhət görülür. Bədənə yapışmış gənə aşkarlandıqda isə tibbi yardıma müraciət etmək tövsiyə olunur.


