YapiKredi Müraciət Forması
Region Özəl

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər

KTMT Baş katibinin sözlərinə görə, Rusiya təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana münasibətdə tətbiq edilməsi barədə qərar layihəsi təqdim edib. Bu maddə üzv dövlətin səsvermə hüququnun ləğv edilməsi ehtimalını da özündə ehtiva edir.

KTMT Baş katibi Taalatbek Masadıkov bildirib ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana qarşı tətbiq edilməsi məsələsini nəzərdən keçirə bilər. Bu tədbir, üzv dövlətin üzvlük haqlarını ödəməməsi səbəbindən onun səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutur.

Masadıkovun sözlərinə görə, Rusiya Ermənistana münasibətdə qeyd olunan maddənin tətbiqi ilə bağlı qərar layihəsi təqdim edib.

TASS agentliyinin məlumatına görə, KTMT-nin Baş katibi Avrasiya Təhlükəsizliyi üzrə 4-cü Minsk Beynəlxalq Konfransında bildirib ki, əgər gündəlik ayın 10-da təsdiqlənərsə, bu məsələ Kollektiv Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

O qeyd edib ki, Şuranın qərarı iclasdan sonra açıqlanacaq.

Masadıkov qeyd etdi ki, təşəbbüs Ermənistanın üzvlük haqları, eləcə də onun təşkilatın fəaliyyətində iştirak etməməsi ilə bağlıdır.

KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, əgər üzv dövlət təşkilatın büdcəsinə olan borclarını ödəmək öhdəliyini iki il müddətində yerinə yetirməzsə, Şura həmin dövlətin öz vətəndaşlarını kvota əsaslı vəzifələrə irəli sürmək hüququnun dayandırılması, həmçinin borclar tam ödənilənə qədər KTMT orqanlarında səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edir.

Ermənistanın mövqeyi

Ermənistan KTMT-nin rəsmi üzvü olaraq qalır, lakin onun təşkilatın fəaliyyətində iştirakı dondurulub.

Oktyabrın 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İrəvan KTMT ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil və təşkilatın fəaliyyətində iştirakını bərpa etmək imkanı görmür.

Xatırladırıq ki, 2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dəki iştirakını dondurduğunu elan etmişdi. O, bunu təşkilatın Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməməsi (Qarabağ münaqişəsi zamanı "lazımi reaksiyanın verilməməsi") ilə izah etmişdi.

Qeyd edək ki, KTMT ölkələri Qarabağda baş verənləri Azərbaycanın daxili işi hesab edərək 44 günlük müharibə zamanı İrəvanın kömək müraciətlərinə rədd cavabı vermişdi.

Alparslan