Yevlax rayonunda 17 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla intim əlaqədə olmaqda ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2008-ci il təvəllüdlü Namiq əvvəllər tanıdığı yetkinlik yaşına çatmayan Lalənin (adlar şərtidir – red.) 14 yaşına çatmadığını bilib və 2025-ci ilin iyun ayının ortalarında, istintaqla müəyyən edilməyən gündə, saat 16 radələrində Yevlax şəhərində yerləşən, istifadə edilməyən "qonaq evi" adlanan binada onunla razılığı əsasında cinsi əlaqədə olub. O, yetkinlik yaşına çatmayan şəxslə digər seksual xarakterli hərəkətlər də edib.
Namiqin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Laləni 2025-ci ilin yay aylarından tanıyır. Onun sözlərinə görə, Lalə ilə Yevlax şəhərində yerləşən supermarketin arxasındakı parkda təsadüfən qarşılaşaraq tanış olublar.
Namiq qeyd edib ki, bir müddət sonra Lalə ona "Instagram" sosial şəbəkəsi vasitəsilə yazıb, aralarında yazışma başlayıb və müəyyən müddət sevgi münasibətləri olub. O bildirib ki, Lalə ilə 2025-ci ilin iyun ayında qeyri-təbii üsulla, o cümlədən digər seksual xarakterli hərəkətlər etməklə könüllü cinsi əlaqədə olub.
Təqsirləndirilən şəxs ifadəsində etdiyi əmələ görə hər kəsdən üzr istədiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş Lalə ilə barışdığını və ona dəymiş ziyanın ödənildiyini bildirib.
İş üzrə zərərçəkmiş Lalənin sözlərinə görə, Namiq rayon ərazisində bərbərxanada işləyib:
"Namiqlə 2025-ci ilin yay aylarında rəfiqələrimlə parkda gəzərkən tanış oldum. Tanışlıqdan sonra Namiqin "Instagram" sosial şəbəkəsindəki hesabını aldım, aramızda yazışma başladı və bir müddət sevgi münasibətlərimiz oldu. Onunla 2025-ci ilin iyun ayının ortalarında günorta saatlarında Yevlax şəhərində istifadə edilməyən "qonaq evi" adlanan binada razılığım ilə cinsi əlaqədə olduq".
Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxslə barışdığını deyib. Qeyd edib ki, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.
İş üzrə şahid qismində ifadə verən Fatimənin sözlərinə görə, Lalə onun 2018-ci ildə vəfat etmiş bacısı Elmiranın qızıdır. Onun sözlərinə görə, Lalə 2025-ci ildə atasının uşaqlara lazımi qayğı göstərməməsi səbəbindən onların yaşadığı ünvana gəlib və bir gün qaldıqdan sonra qardaşı Camalın yaşadığı ünvana gedərək bir müddət orada yaşayıb.
Fatimə qeyd edib ki, həmin müddət ərzində Lalənin Namiq adlı şəxs və digər oğlanlarla münasibət quraraq sevgili olduğunu öyrənib. Onun sözlərinə görə, yaxın qohumlarından birinin vəfat etməsindən bir neçə gün sonra Lalə yas mərasimi ilə əlaqədar olaraq yenidən onların yaşadığı ünvana gəlib:
"Həmin vaxt anam Cəmilənin telefonunda Lalənin Namiq adlı şəxslə "Instagram" sosial şəbəkəsi vasitəsilə yazışmalarına dair mesajları gördüm. Lalə həmin yazışmaların ona aid olmadığını bildirərək danıb. Bundan sonra bu məsələ ilə bağlı Lalənin atası Akifə məlumat verdim, övladına sahib çıxmasını tələb etdim. Eyni zamanda, istintaqa Lalə və Namiq arasında olan intim xarakterli mesajları diskə köçürərək təqdim etdim".
Yevlax Rayon Məhkəməsinin hökmü ilə Namiq 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Namiqə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilib.


