Qoyun və donuz əti (1 cəmdək) üzərinə nişanın qoyulması (1 müayinə üçün) üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır. Qüvvədə olan qanuna əsasən, qoyun və donuz ətinin (1 cəmdək), donuz piyinin (1 partiya) baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsinə və ya məhsulların üzərinə nişanın qoyulmasına görə 4 (dörd) manat məbləğində dövlət rüsumu müəyyən edilib.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, əvvəllər bir qoyun cəmdəyinə görə 4 manat ödənilirdisə, indi bu məbləğ 2 manata endirilir:

"Belə baxanda, rüsumun 50 faiz azaldılması deməkdir. İndi 2 manat az görünə bilər, amma nəzərə almaq lazımdır ki, sahibkar əvvəllər hər cəmdəyə görə 4 manat ödəyirdi. Hər şeyin bahalaşdığı bir dövrdə rüsumun azaldılması müsbət addımdır. Bu da sahibkarın xərclərindən biridir. O, həmin 4 manatı ödəyir, sonra isə bu xərcini məhsulun qiymətinə əlavə edirdi. Sahibkarın xərci nə qədər aşağı olsa, bu, son nəticədə ətin qiymətinə də müəyyən təsir göstərə bilər. Amma mən güman etmirəm ki, məhz bu dəyişiklik ətin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Ümumiyyətlə, xərclərin azaldılması yaxşı haldır. Çünki xərclər yüksək olduqda sahibkarlar qiyməti aşağı salmaq barədə düşünmür, hətta bəzən həmin sahə ilə məşğul olmaqdan da imtina edirlər. Düşünürlər ki, bu fəaliyyətdən gəlir əldə etmək mümkün deyil. Bu, onların ümumi fəaliyyət xərclərinin bir hissəsidir. Məsələn, qoyunu 200-300 manata satan sahibkar üçün 4 manat da müəyyən xərc deməkdir. İndi bu məbləğin 2 manata endirilməsi həmin xərclərin azalmasına kömək edəcək".
Xalid Kərimli qeyd edib ki, burada əsas məsələ 2 manatlıq azalmadan sonra ətin qiymətinin aşağı düşməsi deyil:
"Mən bunun baş verəcəyini gözləmirəm. Əsas məqsəd sahibkarların, fermerlərin, heyvandarlıqla məşğul olan şəxslərin bu sahədən uzaqlaşmasının qarşısını almaqdır. Çünki xərclər yüksək olduqda bəzən sahibkarlar əlavə ödənişlərdən yayınmaq üçün heyvanları baytarlıq nəzarətindən keçirmir, qanuni kəsim və baytarlıq nəzarəti prosedurlarını həyata keçirmirlər. Bir qoyun üçün 2 manat az məbləğ kimi görünə bilər. Amma təsərrüfatında 100, 500 baş heyvan olan sahibkar üçün bu, kifayət qədər əhəmiyyətli xərc maddəsidir. Ona görə də burada əsas məqsəd baytarlıq nəzarətini stimullaşdırmaq, ödənişlərin çox olması səbəbindən sahibkarların qanuni prosedurlardan yayınmasının qarşısını almaqdır".


