Uzun saatlar avtomobil idarə etmək təkcə yorğunluq və diqqət dağınıqlığına səbəb olmur. Sükan arxasında hərəkətsiz vəziyyətdə qalmaq zamanla bel və onurğa ağrılarına, əzələlərin zəifləməsinə, qan dövranının pozulmasına və bir sıra xroniki xəstəliklərin yaranma riskinin artmasına gətirib çıxara bilər.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "CHIP" nəşrində dərc olunan məqalədə bildirilib.
Xüsusilə peşəkar sürücülər və günün böyük hissəsini avtomobildə keçirən şəxslər bu risklərlə daha çox üzləşirlər. Araşdırmalardan birinə əsasən, uzun müddət hərəkətsiz qalmaq ikinci tip diabet riskini iki dəfə artıra, ürək-damar xəstəlikləri və xərçəng kimi xroniki xəstəliklərin yaranma ehtimalını isə 20 faizə qədər yüksəldə bilər.
Bundan başqa, sürücülərdə "avtomagistral hipnozu" adlandırılan vəziyyət də müşahidə oluna bilər. Bu zaman insan yol hərəkətini demək olar ki, avtomatik şəkildə davam etdirir və ətrafdakı bəzi detalları fərq etməyə bilər.
Onurğa və əzələlər zərər görür
Avtomobildə uzun müddət eyni vəziyyətdə oturmaq onurğaya düşən yükü artırır. Xüsusilə bel nahiyəsini kifayət qədər dəstəkləməyən oturacaqlar onurğanın təbii əyriliyinin pozulmasına, ətraf əzələ və bağların gərginləşməsinə səbəb ola bilər.
Hərəkətsizlik qan dövranına da mənfi təsir göstərir. Eyni zamanda, uzun müddət oturmaq budun ön hissəsində yerləşən və ayağın hərəkətində iştirak edən əzələlərin qısalmasına, omba oynaqlarında hərəkət məhdudiyyətinə gətirib çıxara bilər. Yanlış oturuş vərdişi fəqərələrarası disklərə düşən təzyiqi də artırır.
Oturacağın düzgün tənzimlənməsi vacibdir
Bu problemlərin təsirini azaltmaq üçün ilk növbədə sürücü oturacağının düzgün tənzimlənməsi tövsiyə olunur. Oturacağın hündürlüyü elə seçilməlidir ki, çanaq nahiyəsi dizlərdən bir qədər yuxarıda qalsın.
Sükanı tutarkən qolların təxminən 90 dərəcə bucaq altında bükülməsi, oturacağın arxalığının isə tam dik deyil, bir qədər geriyə əyilmiş vəziyyətdə olması məsləhət görülür. Bu, boyun, çiyin və bel nahiyəsinə düşən gərginliyi azaltmağa kömək edə bilər.
Oturacaq bel nahiyəsinə kifayət qədər dəstək vermirsə, xüsusi bel yastıqlarından da istifadə etmək mümkündür.
Mütəmadi fasilələr vermək lazımdır
Düzgün oturacaq seçimi uzun müddət hərəkətsiz qalmağın bütün mənfi təsirlərini aradan qaldırmır. Buna görə uzun səfərlər zamanı avtomobildən düşərək hərəkət etmək vacibdir.
Məqalədə hər fasilə zamanı ən azı beş dəqiqə fiziki aktivlik tövsiyə olunur. Qısa gəzinti, boyun və çiyin əzələlərinin dartılması bədəndəki gərginliyin azalmasına kömək edə bilər.
Peşəkar sürücülərə isə səfərlərdən kənar vaxtlarda da idman və fiziki fəaliyyətlə məşğul olmaq məsləhət görülür.
Qidalanma da diqqətdən kənarda qalmamalıdır
Uzun yol gedən sürücülər qidalanma vərdişlərinə də fikir verməlidirlər. Yanacaqdoldurma məntəqələrində satılan hazır və qeyri-sağlam qidalara tez-tez üstünlük vermək əvəzinə, səfərdən əvvəl sağlam yemək və qəlyanaltılar hazırlamaq daha məqsədəuyğundur.
Qeyd olunur ki, düzgün oturuş, müntəzəm fasilələr, fiziki aktivlik və balanslı qidalanma uzun müddət avtomobil idarə etməyin orqanizmə mənfi təsirlərini azaltmağa kömək edə bilər.


