YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

"Bu problemi həll edə bilməmişik, hələ birinci mərhələdəyik"

Bu problemi həll edə bilməmişik, hələ birinci mərhələdəyik

Bir sıra ölkələrdə yolu keçərkən mobil telefondan istifadə edən, mesaj yazan və ya diqqətini telefon ekranına yönəldən piyadalara qarşı cərimələr tətbiq olunur. Bu tədbir yol hərəkəti zamanı diqqətsizliyin və mümkün qəza risklərinin qarşısını almağa yönəlib.

Azərbaycanda da yolu keçərkən telefondan istifadə edən piyadalar üçün cərimələrin tətbiqi mümkündürmü? Belə bir qaydaya ehtiyac varmı?

Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, bu cür nümunələr var:

"Lakin hələ də piyadaların ən sadə qaydalara əməl etməməsi, xüsusilə piyada keçidlərindən istifadə etməməsi və yolu istədikləri yerdən keçməsi problemini tam həll edə bilməmişik. Biz hələ birinci mərhələdəyik. Əgər bu problemi həll edə bilsək, növbəti mərhələdə digər qaydaların tətbiqi də mümkün ola bilər. Görünür, hazırda bu sahədə nəzarət mexanizmi tam formalaşmayıb. Çünki yolu müəyyən olunmamış yerlərdən keçən piyadaların kütləvi şəkildə cərimələndiyini görmürük. Ara-sıra bir neçə yerdə formal xarakterli tədbirlər görülür, lakin bu, kütləvi hal almayıb".

Ekspert əlavə edib ki, sözügedən qaydanın tətbiqində də əsas problem icra və nəzarət mexanizmi ilə bağlıdır:

"Hazırda piyada keçidindən istifadə etməməyə görə cərimə nəzərdə tutulsa da, piyadalar faktiki olaraq cərimələnmir və rahat şəkildə qaydaları pozmağa davam edirlər. Telefonla danışaraq və ya telefondan istifadə edərək yolu keçmək də eyni xarakterli problem yarada bilər. Müvafiq nəzarət mexanizmi qurularsa, bu hərəkət də qayda pozuntusu kimi qiymətləndirilə bilər. Hazırda isə belə hallar, görünür, əsasən hər hansı hadisə baş verdikdən sonra qeydə alınaraq nəzərə alınır".