Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.
Sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 20 manat məbləğində aksiz müəyyən edilmiş, eyni zamanda, fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində bir ədəd mobil cihazın gətirilməsi nəzərdə tutulub və bu müddəalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.
Qanun qüvvəyə mindikdən sonra daxil olmuş bir sıra müraciətlərdə fərdi rabitə təyinatı olmayan müxtəlif avadanlıqların gömrük rəsmiləşdirilməsi zamanı aksizə cəlb olunması məsələsi qaldırılıb və bu halın ciddi çətinliklər yaratdığı bildirilib.
Belə ki, xüsusilə ölkənin kommunal infrastrukturunun təkmilləşdirilməsi layihəsi çərçivəsində idxal edilən ağıllı qaz sayğacları, həmin sayğaclarda istifadə olunan təzyiq və temperatur sensorları, habelə məlumatların ötürülməsini təmin edən kommunikasiya modulları ilə bağlı vergi ödəyicisi üçün mübahisəli vəziyyət yaranıb. Avadanlıqların daxilində SIM-kart slotunun və ya IMEI identifikatorunun mövcudluğu onların gömrük rəsmiləşdirilməsi zamanı "mobil cihaz" kimi qiymətləndirilməsinə və nəticə etibarilə aksizlə bağlı öhdəliyin yaranmasına səbəb olub.
Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın 1.2.2-ci yarımbəndinə əsasən, mobil cihaz dedikdə, mobil operatorların ümumi istifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq nəzərdə tutulur.
Bu baxımdan, mobil cihaz anlayışının tətbiqi zamanı mobil şəbəkəyə qoşulma imkanının özü ilə yanaşı, həmin qoşulmanın funksional məqsədinin də nəzərə alınması məqsədilə müvafiq dəqiqləşdirmənin aparılması təklif olunur. Bu məqsədlə mobil (sellülar) rabitə operatorunun şəbəkəsinə SIM-kart və ya eSIM vasitəsilə qoşularaq səsli rabitə xidmətlərindən istifadəni təmin edən mobil cihazların, o cümlədən mobil telefonların, planşetlərin və ağıllı saatların əhatə dairəsinin müəyyənləşdirilməsi nəzərdə tutulur. (Oxu.Az )


