YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət Sosial media

Belə videoları paylaşanlar 7 min manatadək cərimələnə bilər

Belə videoları paylaşanlar 7 min manatadək cərimələnə bilər

Son dövrlər insanların xəbəri və razılığı olmadan video və fotolarının çəkilərək sosial şəbəkələrdə paylaşılması halları ilə rastlaşırıq.

Bəs qanunvericiliyə əsasən başqasını icazəsiz çəkib görüntülərini internetdə yayan şəxsləri hansı hüquqi məsuliyyət və cəzalar gözləyir? Bu hallarda zərərçəkənlər hüquqlarını necə qoruya bilərlər?

Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, başqasının videosunu çəkmək özlüyündə cinayət deyil.

Onun sözlərinə görə, məsuliyyət videonun nəyi əks etdirməsindən, necə əldə edilməsindən və necə yayılmasından asılıdır:

"Hüquqi əsas Konstitusiyanın 32-ci maddəsidir. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var, qanunla nəzərdə tutulan hallardan başqa bu həyata müdaxilə qadağandır və şəxsin razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Əsas norma CM-in 156-cı maddəsində əks olunan şəxsi həyatın toxunulmazlığını pozma cinayəti ilə bağlıdır. Belə ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, o cümlədən video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, satılması, başqasına verilməsi və ya qanunsuz toplanılması 1000–2000 manat cərimə, 240–480 saat ictimai işlər və ya 1 ilədək islah işləri ilə cəzalandırılır.

Belə videoları paylaşanlar 7 min manatadək cərimələnə bilər

Digər bir norma videonun montajı və ya süni intellektlə saxtalaşdırılması ilə bağlıdır. Belə ki, Cinayət Məcəlləsinin 148-2-ci maddəsi daha yeni və daha sərt normadır. Şəxsin razılığı olmadan onun görüntüsü və ya səsi ilə süni intellekt və ya xüsusi proqramlar vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio hazırlamaq və ya onu mediada, internetdə yaymaq 3000 manatdan–7000 manatadək cərimə, 360–480 saat ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Lakin unutmamaq lazımdır ki, ictimai yer ilə şəxsi həyatı qarışdırmaq olmaz. Küçədə, ictimai tədbirdə təsadüfən kadra düşmək avtomatik olaraq 156-cı maddəni yaratmır. Cinayət tərkibi üçün videonun "şəxsi və ya ailə həyatının sirri" olan məlumatı əks etdirməsi lazımdır. Məsələn, ev, xəstəxana, ailə münaqişəsi, intim anlar və ya şəxsin gizli saxladığı həyatı bu qəbildəndir. Bundan əlavə cinayət işindən asılı olmayaraq, zərərçəkmiş məhkəməyə müraciət edərək materialın silinməsini, şərəf və ləyaqətin müdafiəsini və mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Bunun əsası Mülki Məcəllə və "Fərdi məlumatlar haqqında" Qanundur. Paylaşımda təhqir və ya böhtan varsa, bu əməllərə ayrıca bununla bağlı məsuliyyət də əlavə olunur".