İnsanlar bəzən sağlığında öz dəfn olunacağı yeri belə əvvəlcədən müəyyənləşdirməyə çalışır. Hətta bəzi hallarda qəbiristanlıqlarda gələcəkdə istifadə etmək üçün boş qəbir yerlərinin ayrılması halları ilə də rastlaşmaq mümkündür. İlk baxışdan şəxsi seçim kimi görünən bu məsələ isə Azərbaycanda qanunvericiliklə məhdudlaşdırılıb. Maraqlıdır ki, vətəndaşların çoxunun xəbərsiz olduğu bu qaydaya görə qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Yəni insanın gələcəkdə dəfn olunacağı yeri indidən seçərək öz adına ayırması qanunvericiliyin tələblərinə uyğun deyil.
Demokrat.az xəbər verir ki, Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli 522 nömrəli qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın 18.1-ci bəndinə əsasən, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir.
Qaydalarda yalnız bir istisna müəyyən edilib. Belə ki, dəfn edilmiş şəxsin həyat yoldaşı yazılı müraciət əsasında onun qonşu qəbir yerini əvvəlcədən rezervasiya edə bilər.
İnzibati Xətalar Məcəlləsinin 516-1.3-cü maddəsinə əsasən isə qəbir yerlərinin rezervasiyası qaydalarının pozulmasına görə 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulur. Beləliklə, qəbir yerini əvvəlcədən öz adına ayırmaq istəyənlər üçün qanunvericilikdə xüsusi məhdudiyyət mövcuddur.


