Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. Qeyd edilib ki, sifarişlərin kuryerlər tərəfindən çatdırılması avtomobil, motosiklet, velosiped və skuter olmaqla müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq kimi vərdişləri demək olar ki, yoxdur və bir çox hallarda mövcud inzibati yük onları qeyri-rəsmi fəaliyyətə sövq edir.
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında Azərbaycanda müxtəlif sahələrdə vergi, rüsum, cərimə və inzibati nəzarət mexanizmlərinin tətbiq olunduğunu bildirib.

"Növbə fərdi qaydada çalışan kuryerlərindir. Söhbət fərdi qaydada, muzdlu işçi cəlb etmədən kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün aylıq 15 manat sabit vergi tətbiqindən gedir. Təklifin əsaslandırılmasında bildirilir ki, kuryerlərin gəlir-xərc uçotu aparmaq və vergi hesabatları təqdim etmək vərdişləri yoxdur, mövcud inzibati yük isə bir çox hallarda onları qeyri-rəsmi fəaliyyətə sövq edir. Burada bir iqtisadi reallığı da nəzərə almaq lazımdır. İndiyədək kuryerlərin böyük bir hissəsi qeyri-rəsmi fəaliyyət göstərirdi. Bu, onların xidmətlərini daha aşağı xərclərlə təqdim etməsinə imkan yaradırdı. İndi həmin şəxslərin fəaliyyətinə aylıq 15 manatlıq vergi öhdəliyi əlavə olunur. Məbləğ ilk baxışda böyük görünməyə bilər, lakin xüsusilə az sifariş qəbul edən və aşağı gəlirlə çalışan kuryerlər üçün bu, əlavə xərcdir. İqtisadi sahələrə aid qanun layihələri iqtisadçıların, maliyyəçilərin və müvafiq sahə mütəxəssislərinin iştirakı ilə hazırlanmalıdır. Hüquqşünasların rolu hüquqi çərçivəni və qanunvericiliyə uyğunluğu təmin etməkdir. İqtisadi qərarların yalnız inzibati nəzarət və tənzimləmə prizmasından hazırlanması bazarın real vəziyyətini, insanların gündəlik məşğulluğunu və sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərini nəzərdən qaçıra bilər. İkinci ciddi problem qanun layihələrinin bazara və iqtisadi fəaliyyətə təsirinin əvvəlcədən araşdırılmamasıdır. Qanunun qəbul edilməsi onun iqtisadi baxımdan səmərəli olduğunu hələ sübut etmir".
İqtisadçının sözlərinə görə, 15 manatlıq vergi öhdəli xidmət qiymətlərinə təsir göstərəcək:
"Kuryer öz gəlirini qorumaq üçün çatdırılma haqqını artırmağa çalışacaq. Çatdırılma şirkətləri və platformalar da artan xərcləri tariflərə və ya komissiyalara daxil edə bilərlər. Nəticədə bu yükün bir hissəsi sifariş verən vətəndaşın üzərinə düşə bilər. Xüsusilə gündəlik alış-veriş və yemək sifarişlərində çatdırılma xərclərinin artması istehlakçının ümumi xərcini yüksəldə bilər.
O qeyd edib ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihələrində vergi, rüsum, ödəniş və inzibati nəzarət məsələləri ilə yanaşı, vətəndaşların gəlir imkanlarının artırılmasına yönələn təşəbbüslərə də yer verilməsi vacibdir. Onun fikrincə, insanların biznes qurması, fəaliyyətini genişləndirməsi və daha çox gəlir əldə etməsi üçün əlverişli şərait yaradılmalıdır.
İqtisadçı bildirib ki, kuryer fəaliyyətində inzibati prosedurların sadələşdirilməsi bu sahədə qeyri-rəsmi məşğulluğun azalmasına kömək edə bilər. O, vergi mexanizmləri müəyyənləşdirilərkən kuryerlərin gəlirlərinin, sifariş sayının və fəaliyyət xərclərinin nəzərə alınmasının əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, qanunvericilikdə kiçik sahibkarlığın inkişafına, özünüməşğulluğun təşviqinə və vətəndaşların iqtisadi imkanlarının genişləndirilməsinə də diqqət yetirilməlidir.


