Tıxaca görə sürücülərin seçimi dəyişdi — Belə maşınlar daha çox alınır

AVTO 18 sentyabr 2026, 12:00
Bakı yollarında tıxacların artması sürücülərin gündəlik xərclərinə də təsir edir. Uzun müddət yolda qalan avtomobillər daha çox yanacaq sərf edir. Bu isə sürücüləri həm yanacağa qənaət edən, həm də şəhər şəraitində istifadəsi daha sərfəli olan avtomobillərə yönəldir.

Bakıdakı tıxaclar sürücülərin avtomobil seçiminə necə təsir edir və şəhər üçün ən qənaətcil avtomobillər hansılardır?

Nəqliyyat üzrə ekspert Razil Nağıyev Demokrat.az-a açıqlamasında söyləyib ki, Bakıda tıxacların artması əksər sürücülərin avtomobil seçiminə yanaşmasını dəyişib:



“Əgər əvvəllər avtomobil seçərkən əsas diqqət mühərrik gücü, sürət və dizayna yönəlirdisə, hazırda yanacaq sərfiyyatı və istismar xərcləri daha ön plana çıxır. Çünki sıx hərəkət şəraitində avtomobillər uzun müddət aşağı sürətlə hərəkət edir və ya dayanmış vəziyyətdə mühərrik işlək qalır ki, bu da yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən sürücülər daha çox şəhər istifadəsi üçün nəzərdə tutulmuş, yanacaq sərfiyyatı aşağı olan hibrid və elektrik avtomobillərinə üstünlük verməyə başlayıblar. Xüsusilə tez-tez dayanıb-hərəkət edilən marşrutlarda bu tip nəqliyyat vasitələri ənənəvi daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha qənaətcil hesab olunur”.

Ekspert əlavə edib ki, iri ölçülü krossover və yolsuzluq avtomobilləri tıxac şəraitində daha çox yanacaq sərf edir:

“Avtomobilin çəkisi və mühərrik həcmi artdıqca, şəhərdaxili istismar xərcləri də yüksəlir. Buna görə də sürücülər son illərdə daha kompakt, yüngül və enerji səmərəliliyi yüksək olan modellərə maraq göstərirlər.

Ümumilikdə, Bakı kimi sıx nəqliyyat axını olan şəhərlərdə ən qənaətcil seçimlər aşağı yanacaq sərfiyyatına malik hibrid avtomobillər, elektrik avtomobilləri və kiçik mühərrik həcmli şəhər tipli nəqliyyat vasitələridir. Gələcəkdə tıxac probleminin davam etməsi halında bu kateqoriyaya aid avtomobillərə tələbatın daha da artacağı gözlənilir”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 11:17
Top