Axtarış nəticələri

«Fidan Hacızadə» sorğusu üzrə nəticələr

Azərbaycan–Vyetnam strateji baxışlarını konkretləşdirir — Şəbnəm Həsənova
Xarici siyasət

Azərbaycan–Vyetnam strateji baxışlarını konkretləşdirir — Şəbnəm Həsənova

"Azərbaycan–Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə transformasiya edir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin 2014-cü ildəki ilk səfərindən sonra Vyetnama həyata keçirdiyi ikinci rəsmi səfər strateji əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan–Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsinin miqyasına uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoymasına töhfə verəcək bu səfər sadəcə iki ölkə arasındakı münasibətlər baxımından deyil, iki region arasındakı münasibətlər baxımından da mühüm əhəmiyyət daşıyır". Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib. Onun sözlərinə görə, Prezident Ho Şi Minin və Ümummilli Lider Heydər Əliyevin mənəvi-siyasi irsi, ideyaları və yüksək mədəni dəyərləri bu gün də iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin bazisində dayanır: "Bu iki liderin müəyyən etdiyi mənəvi-siyasi irs hər iki ölkənin, regionun və bütövlükdə dünyanın sülh və rifah naminə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bu gün də yol göstərməkdə davam edir. Diplomatik münasibətlərimizin qurulmasından ötən 34 il ərzində Vyetnam və Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxsaylı dəyişikliklərdən keçmişlər. Şübhəsiz ki, hər iki ölkə dəyişmiş, inkişaf etmiş, bu müddət ərzində beynəlxalq münasibətlər sistemi də ciddi transformasiyaya məruz qalmışdır. Lakin iki ölkənin qarşılıqlı hörməti və bir-birinə bəslədiyi səmimi münasibət dəyişməz qalaraq dövlətlərimizi və xalqlarımızı birləşdirən möhkəm dayağa çevrilmişdir. Münasibətlərimiz dostluqdan qaynaqlanır, qarşılıqlı etimada söykənir və bu amil, şübhəsiz ki, iqtisadi-ticari əməkdaşlığa mühüm impuls verir. Biznes dairələrinin qarşılıqlı potensial və üstünlüklərdən daha səmərəli istifadə etməsi istiqamətində əlverişli şəraitin yaradılması baxımından Hökumətlərarası Komissiyanın əsasının qoyulması çox mühüm hadisədir. Bu günə qədər Komissiyanın üç iclası keçirilmişdir. Bu mexanizm Azərbaycan–Vyetnam əməkdaşlığının bütün istiqamətlər üzrə inkişaf etməsinə töhfə verir". Politoloq qeyd edib ki, müdafiə sahəsində də tərəflər arasında dövlətlərarası münasibətlərin səviyyəsinə uyğun olaraq əməkdaşlığın inkişafına xüsusi diqqət göstərilir: "Bu əməkdaşlıq nümayəndə heyətlərinin mübadiləsini, humanitar minatəmizləmə, müdafiə sənayesi üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığı, eləcə də qarşılıqlı dəstəyi əhatə edir. Elm, texnologiya, təhsil və kadr hazırlığı kimi sahələrdə də əməkdaşlıq mərhələli şəkildə inkişaf etdirilir. Bu xüsusda Heydər Əliyev Fondunun fəaliyyəti diqqət çəkir. Neft-qaz və beynəlxalq münasibətlər ixtisasları üzrə bəzi vyetnamlı tələbələrin Azərbaycanda təhsil alması münasibətlərimizin dayanıqlı xarakter almasına gətirib çıxaracaq. Şübhəsiz ki, ənənəvi dostluq münasibətlərimizin təməlində dayanan bu möhkəm tarixi baza mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban xanım Əliyevanın Vyetnama hazırkı rəsmi səfəri sadəcə siyasi və diplomatik baxımdan əlamətdar hadisə kimi dəyərləndirilməməlidir. Bu, həm də hər iki tərəfin strateji baxışlarının konkretləşdirilməsi, yeni inkişaf impulslarının yaradılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından qarşımızda mühüm fürsətlər açır. Səfər hər iki ölkə xalqının mənafeyinə xidmət edir". Fidan Hacızadə

Bugün 16:20
Sabah Barselonaya baş ağrısı yarada bilər — Arif Əsədov
İdman

"Sabah" "Barselona"ya baş ağrısı yarada bilər — Arif Əsədov

"Sabah" – "Barselona" qarşılaşmasına maraq böyükdür. UEFA Çempionlar Liqasının liqa mərhələsində noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna 74 müxtəlif ölkədən azarkeşlər bilet əldə ediblər. Qarşılaşmanın həm stadionda, həm də futbol ictimaiyyətində böyük maraq doğuracağı gözlənilir. Futbol eksperti Arif Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, "Barselona" ilə oyun özü bir bayram əhval-ruhiyyəsidir. Onun sözlərinə görə, belə komandaların Azərbaycana gəlməsi çox böyük hadisədir: "Ona görə də azarkeşlərin stadionu doldurması təbii haldır. Hətta deyərdim ki, nə qədər çox yer olsa, hamısı dolar. Burada marağın bu qədər yüksək olması, dediyim kimi, tamamilə təbiidir. Oyuna gəldikdə, belə bir komandaya qarşı kollektiv şəkildə çıxış etmək həm inkişaf, həm də gələcək üçün stimul baxımından çox yaxşı hadisədir. Nəticədən daha çox, bu ab-havada, belə bir oyunda iştirak etmək özü sabah üçün müsbət haldır". Ekspert əlavə edib ki, təbii ki, burada favorit birmənalı şəkildə "Barselona"dır: "Amma futbol elə bir oyundur ki, sürpriz nəticələrlə də yadda qala bilər. Vacib olan sabah "Sabah"ın öz oyun üslubundan əl çəkməməsidir. Yəqin ki, komanda tam qapanmayacaq, bacardıqca öz oyun üslubunu tətbiq etməyə çalışacaq və "Barselona"ya da baş ağrısı yaradacaq. Uğurlar arzulayıram". Fidan Hacızadə

Bugün 16:15
Elçin Babayev tələbələrin yaddaşında necə qalıb? — Sorğu
Təhsil

Elçin Babayev tələbələrin yaddaşında necə qalıb? — Sorğu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Elçin Babayevin tələbələrlə münasibəti, universitetdəki fəaliyyəti və şəxsi keyfiyyətləri ilə bağlı tələbələr arasında müsbət fikirlər səsləndirilir. Onlar Elçin Babayevin sadəliyini, səmimiyyətini, tələbələrə diqqətini və xoş münasibətini xüsusi vurğulayırlar. Bəs tələbələr Elçin Babayevi necə xatırlayırlar? Demokrat.az Bakı Dövləti tələbələri və məzunları arasında sorğu keçirib. BDU-nun tələbəsi Nərgiz Camalzadə Elçin Babayevin tələbələrlə münasibəti, sadəliyi və universitetdəki fəaliyyəti ilə yadda qaldığını bildirib. "Tələbələri anlayan, onlarla ünsiyyət quran, problemlərini bilən bir insanın bu quruma rəhbərlik etməsi müsbət nəticələr verə bilər. Elçin müəllimin yeni vəzifəsində də uğurlu olacağına inanıram". BDU-nun məzunu Bənövşə Həsənova Elçin Babayevin tələbəcanlı, səmimi və tələbələrə yaxın insan olduğunu qeyd edib. Onun sözlərinə görə, Elçin Babayev tələbələrlə münasibəti, sadəliyi, hər kəslə mehriban davranması və onlara göstərdiyi diqqətlə seçilirdi. Həsənova bildirib ki, Elçin müəllimin tələbələrlə ünsiyyəti və hər zaman xoş münasibət sərgiləməsi onu digər rəhbərlərdən fərqləndirən əsas xüsusiyyətlərdən olub. "Tələbələrə münasibəti, sadəliyi, hər kəslə mehriban davranması onu fərqləndirirdi". BDU-nun tələbəsi Səma Qədim Elçin müəllimin sadə, səbirli, təmkinli və gözəl insan olduğunu vurğulayıb. O, universitetin həyətində işləyərkən Elçin Babayevlə qarşılaşdığı anları xatırladıb: "Universitetin həyətində işləyərkən hər dəfə qarşılaşanda salam verər, ‘Yorulmayasınız" deyərdi. Bu cür münasibət insanın yaddaşında qalır. Vəzifəsindən getsə də, ona olan hörmətimiz hər zaman qalacaq. Yeni vəzifəsində də uğurlar arzulayıram". BDU-nun tələbəsi Fatimə Lətifi isə Elçin Babayevin alicənablığı, sadəliyi və səmimiyyəti ilə seçildiyini bildirib: "BDU-da keçirdiyim 4 il ərzində Elçin müəllimlə bir neçə dəfə qarşılaşmışıq. Çox alicənab, sadə və səmimi insan idi. Hər zaman tələbələrlə xoş rəftar edər, onlara diqqət və hörmətlə yanaşardı. Universitetdə rəhbər vəzifədə olmasına baxmayaraq, sadəliyi ilə seçilirdi. Yolunuz açıq olsun, yeni fəaliyyətinizdə uğurlar arzulayıram!" Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor Qulu Məhərrəmli isə Məleykə Abbaszadənin DİM-ə rəhbərlik fəaliyyətini yüksək qiymətləndirib. O, sosial media hesabında DİM-in Azərbaycan şəraitində ən şəffaf qurumlardan biri, Məleykə Abbaszadənin isə test üsulunun obyektivliyini və təmizliyini inadla qoruyan, neqativ hallara qarşı müqavimət göstərə bilən ən vicdanlı məmurlardan biri olduğunu bildirib: "Məmləkətdə bu quruma müştəri gözü ilə baxanların sayı az deyil. Tanrı DİM-i gələcək təhlükələrdən qorusun!" Fidan Hacızadə Editor

Bugün 15:00
Ermənistan vasitəçilərdən imtina edir, Bakı ilə birbaşa danışığa keçir — ŞƏRH
Xarici siyasət

Ermənistan vasitəçilərdən imtina edir, Bakı ilə birbaşa danışığa keçir — ŞƏRH

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər edəcək. Simonyanın sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq. O, bu səfəri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana əvvəlki səfərinə qarşılıqlı addım kimi qiymətləndirib. Siyasi şərhçi Çingiz Şahbazi Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabr ayında Azərbaycana səfəri baş tutarsa, bunu Azərbaycan-Ermənistan münasibətlərində mühüm siyasi irəliləyiş və etimadın artırılması istiqamətində ciddi addım hesab etmək olar: "Əlbəttə, səfərin mühüm tərəfləri var. Ən əsası isə onun qarşılıqlı səfər prinsipi əsasında həyata keçirilməsidir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyunda Ermənistana səfərindən sonra indi onun Azərbaycana səfəri nəzərdə tutulur. Bu, diplomatik baxımdan çox əhəmiyyətlidir. Çünki tərəflər artıq üçüncü ölkələrdə görüşmür, bir-birinin ərazisində təmaslar qurmağa başlayıblar. Səfərin Bakıya deyil, Azərbaycanın başqa bir məntəqəsinə planlaşdırıldığı bildirilir. Ermənistan mediasının məlumatına görə, tərəflər itkin düşmüş şəxslərlə bağlı məsələləri və bu istiqamətdə fəaliyyət planlarının mübadiləsini də müzakirə edə bilərlər. Bu, adi diplomatik protokol məsələsi deyil. Müharibənin ağır humanitar nəticələrinin aradan qaldırılmasında və etimadın qurulmasında mühüm rol oynaya bilər. Səfəri 30 ildən çox davam edən münaqişədən sonra münasibətləri normallaşdırmaq və sülhü rəsmiləşdirmək cəhdləri kontekstində də təqdim etmək olar. Burada birbaşa təmasların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Əsas diqqət çəkən məqam isə yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin əvvəlki diplomatik maneələrin müəyyən qədər aradan qalxdığını göstərməsidir. 12 noyabr 2026-cı il tarixində Dublində Əliyev və Paşinyan arasında keçirilən növbəti görüş göstərdi ki, tərəflər artıq siyasi bəyanatlarla kifayətlənmək istəmirlər. Nəqliyyat, ticarət, sərhədlərin delimitasiyası, TRIPP layihəsi və elektrik enerjisi layihələri müzakirə olunub. Ermənistana Azərbaycan ərazisindən 105 min ton yük daşınması da bu prosesin praktik nəticələrindən biridir". Ekspert əlavə edib ki, belə bir şəraitdə Simonyanın Azərbaycana səfərini həmin prosesin davamı kimi dəyərləndirmək olar: "Burada ABŞ-nin Cənubi Qafqazda yeni geosiyasi mövqeyi də öz rolunu oynayır. ABŞ-nin iştirakı ilə formalaşan TRIPP layihəsi regionun nəqliyyat və iqtisadi xəritəsini dəyişə bilər. Bu, yalnız Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması məsələsi deyil. Söhbət Orta Dəhlizin genişlənməsindən, Türkiyənin regional rolundan, İranın maraqlarından və Rusiyanın ənənəvi təsir imkanlarının dəyişməsindən gedir. Bütün bunlar onu göstərir ki, ABŞ üçün Azərbaycan-Ermənistan sülh prosesi daha geniş strategiyanın bir hissəsidir. Çünki Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və siyasi əlaqələr sistemi qurmağa çalışır. Həmçinin, Simonyanın və ümumiyyətlə, qarşılıqlı səfərlərin mahiyyəti tərəflər arasında etimadın artırılması məqsədi daşıyır. Burada itkin düşmüş şəxslər məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Bu, ilk baxışdan humanitar məsələlərdən biridir. Lakin siyasi baxımdan daha geniş əhəmiyyət daşıyır. Çünki tərəflər həssas məlumatları bir-birinə ötürməyə, ortaq mexanizmlər qurmağa və qarşılıqlı öhdəliklər götürməyə başlayırlarsa, bu, münasibətlərin keyfiyyətcə dəyişməsi deməkdir. Sülh sazişinin 9-cu maddəsində də itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi və əməkdaşlıq nəzərdə tutulur. Baş verən proseslərdən belə qənaətə gəlmək olar ki, tərəflər arasında həyata keçirilən səfərlər və təmaslar iki ölkənin yeni münasibətlər modelinə alışma mərhələsidir. Ermənistan Azərbaycanla münasibətlərdə əvvəlki qarşıdurma modelindən yeni reallıqlara uyğunlaşma modelinə keçir. Burada mühüm siyasi dəyişiklik var. Əvvəllər Ermənistan Azərbaycanla münasibətlərində beynəlxalq vasitəçilərin və böyük güclərin himayədarlığına daha çox arxalanırdı. İndi isə bir çox məsələlərin birbaşa Bakı ilə müzakirə edilməsinin zəruriliyini qəbul edir. Heç şübhəsiz ki, bu, Azərbaycanın regional mövqeyinin dəyişməsi ilə bağlıdır. Bu səbəbdən Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabr ayında Azərbaycana səfəri daha çox sülhün gündəlik diplomatik təcrübəyə çevrilməsinin göstəricisidir. Tərəflərin artıq bir-birini yalnız münaqişə tərəfi kimi deyil, gələcəkdə müəyyən məsələlərdə əməkdaşlıq etməli olacaqları qonşu dövlət kimi qəbul etməyə başladığını göstərir". Fidan Hacızadə

Bugün 11:30
Bakıda sürüşmə riski yüksək olan ərazilər açıqlandı
İnfrastruktur

Bakıda sürüşmə riski yüksək olan ərazilər açıqlandı

Bakıda bəzi yaşayış massivləri relyefin xüsusiyyətləri, torpaq qatının geoloji quruluşu, yeraltı suların səviyyəsi və tikinti sıxlığı səbəbindən sürüşmə riski baxımından daha həssas hesab olunur. Xüsusilə yamaclarda və sürüşmə zonalarına yaxın ərazilərdə yerləşən yaşayış evləri ilə bağlı narahatlıqlar vaxtaşırı gündəmə gəlir. Bakıda hansı yaşayış massivləri sürüşmə riski baxımından daha həssas hesab olunur? Əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, sürüşmə riski baxımından Bakıda daha çox təhlükəli hesab olunan ərazilər paytaxtın yamac zonalarında yerləşir. Onun sözlərinə görə, bu ərazilərin başında Badamdar qəsəbəsinin müəyyən hissələri gəlir: "Eyni zamanda, Bayıl qəsəbəsinin ayrı-ayrı sahələri və 20-ci Sahə yaşayış massivinin ətrafı da sürüşmə təhlükəsi baxımından həssas ərazilər sırasındadır. Bununla yanaşı, Yeni Yasamal ərazisində də müəyyən nöqtələrdə sürüşmə riski mövcuddur. Yasamal rayonunun digər yamac hissələrində, eləcə də Xətai rayonunun bəzi ərazilərində bu cür təhlükəli zonalara rast gəlinir". Ekspert vurğulayıb ki, lakin sürüşmə ehtimalı bütün ərazilər üçün eyni deyil: "Risk əsasən ərazinin relyefindən, yamacın geoloji xüsusiyyətlərindən və torpaq qatının vəziyyətindən asılıdır". Qeyd edək ki, paytaxtın Səbail rayonunda Badamdar sürüşmə sahəsinə (Badamdar şosesi) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən baxış keçirilib. Növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib. Bildirilib ki, bununla əlaqədar, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib. Fidan Hacızadə

Bugün 11:00
Gənc ailələr ayrı yaşamalıdır — Deputat
Sosial

Gənc ailələr ayrı yaşamalıdır — Deputat

Xalq şairi, "Şərəf" ordenli Vahid Əziz ailələrin dağılmasının səbəblərindən danışıb. Vahid Əziz hesab edir ki, yeni ailə quran cütlüklər valideynlərindən ayrı yaşamalıdırlar. Onun sözlərinə görə, qayınana və qayınataların ailənin daxili işlərinə müdaxiləsi münasibətlərə mənfi təsir göstərir. Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a bildirib ki, hər kəsin bu məsələyə fərqli baxışı ola bilər: "Məncə, əksinə, yeni qurulan ailənin müəyyən müddət valideynlərlə birlikdə yaşaması çox önəmlidir. Çünki yeni həyata alışmaq, ailə və valideyn məsuliyyətini dərk etmək, bütün bunlara tədricən adaptasiya olmaq baxımından bu, faydalıdır. Mənim fikrimcə, yeni qurulan ailələrin bir-iki il müddətində valideynləri ilə yaşaması daha yaxşı olar. Təbii ki, pis niyyətli valideynlər övladları üçün müəyyən sıxıntılar yarada bilərlər. Amma yaxşı niyyətli valideynlər heç vaxt övladlarına zərər verəcək addım atmazlar. Əksinə, yeni evlənən cütlüklərin mətbəx vərdişlərindən tutmuş ev qaydalarına, davranış və etiket normalarına qədər öyrənəcəkləri çox şey var. Bu baxımdan, əgər normal, geniş və yaşamaq üçün əlverişli şərait varsa, bir müddət birlikdə yaşamaq daha məqsədəuyğundur". Deputat əlavə edib ki, bir-iki il ərzində ailənin təməli möhkəmləndikdən, müəyyən alışqanlıq yarandıqdan sonra ayrılmaq, yeni evə köçmək daha məsləhətlidir: "Çünki insan həyatda hər şeyi öyrənməlidir. Yeni qurulan ailə həm də valideynlərinə qarşı məsuliyyət hissini itirməməlidir. Bu, çox önəmlidir. Ayrı yaşamağa başladıqda həmin məsuliyyət hissi də müəyyən qədər zəifləyə bilər. Yeni ailəyə daxil olan gəlin də bir övladdır, o da başqa bir ailənin qızıdır. Onun yad insandan ailənin bir üzvünə çevrilməsi üçün həmin evdə istiliyi, münasibəti görməsi, hiss etməsi vacibdir. O, bu münasibəti yaşadıqca özünü ailənin bir parçası kimi hiss edir və övladlıq duyğusunu da qazanır. Bundan sonra, harada yaşamasından asılı olmayaraq, həmin ailənin üzvü olduğunu hiss edir və münasibətlərdə problem yaranmır. Əlbəttə, ailənin təməli sağlamdırsa, burada narahatlıq üçün heç bir əsas yoxdur". Fidan Hacızadə

Bugün 10:45
Azərbaycan Vyetnamla strateji tərəfdaşlığı genişləndirir — Tural İsmayılov
Xarici siyasət

Azərbaycan Vyetnamla strateji tərəfdaşlığı genişləndirir — Tural İsmayılov

"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətinin coğrafi miqyasının, beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfəri sadəcə iki ölkə arasında diplomatik münasibətlərin növbəti mərhələsi kimi qiymətləndirmək doğru olmaz. Burada Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində yeni iqtisadi, siyasi və geostrateji imkanlar formalaşdırmaq niyyəti də aydın görünür". Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. Onun sözlərinə görə, Azərbaycan və Vyetnam münasibətlərinin kifayət qədər dərin tarixi var: "1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə möhkəmlənən dostluq ənənələri, 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri ilə daha da inkişaf edib. Bu tarixi bağların müasir mərhələdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycan diplomatiyasının ardıcıl və uzaqgörən siyasətinin göstəricisidir. 2025-ci ildə Vyetnam Prezidenti To Lamın Azərbaycana dövlət səfəri zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətlərə yeni məzmun qazandırdı. Prezident İlham Əliyevin hazırkı səfərinin əsas əhəmiyyəti isə siyasi etimadın konkret iqtisadi nəticələrə çevrilməsi üçün yeni imkanlar yaratmasıdır. Vyetnam son illərdə Asiyanın ən dinamik iqtisadi inkişaf edən ölkələrindən birinə çevrilib. Sənaye istehsalı, texnologiya, elektronika, kənd təsərrüfatı və beynəlxalq ticarət sahəsində qazandığı mövqelər bu ölkəni Azərbaycan üçün mühüm tərəfdaşa çevirir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda yerləşən mühüm enerji, nəqliyyat və logistika mərkəzi kimi Vyetnamın Avropa və digər bazarlara çıxışında əhəmiyyətli rol oynaya bilər". Politoloq qeyd edib ki, xüsusilə enerji, investisiya, nəqliyyat-logistika, ticarət, müdafiə sənayesi və müasir texnologiyalar sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur: "Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərindəki mövqeyi, Vyetnamın isə Cənub-Şərqi Asiyadakı iqtisadi və istehsal imkanları qarşılıqlı maraqları uzlaşdırır. Bu əməkdaşlıq yeni ticarət marşrutlarının, biznes əlaqələrinin və investisiya layihələrinin formalaşmasına şərait yarada bilər. Məncə, səfərin daha bir mühüm tərəfi Azərbaycanın xarici siyasətdə çoxvektorlu və balanslı yanaşmasının nümayişidir. Bakı beynəlxalq münasibətlər sistemində müxtəlif coğrafiyaları, siyasi mərkəzləri və iqtisadi güc sahiblərini bir araya gətirə bilən etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan öz coğrafi mövqeyini diplomatik və iqtisadi üstünlüyə çevirməyi bacarır. Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, müstəqil xarici siyasət kursunun və milli maraqlara əsaslanan diplomatik strategiyasının növbəti təzahürüdür. Ən vacib məqam isə budur ki, Azərbaycan artıq mövcud tərəfdaşlıq əlaqələrini qorumaqla kifayətlənmir, onları yeni iqtisadi coğrafiyalara və gələcəyin əməkdaşlıq platformalarına daşıyır. Bu baxımdan Bakı ilə Hanoy arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmlənməsi hər iki dövlət üçün uzunmüddətli dividendlər vəd edir". Fidan Hacızadə

Bugün 10:30
Qohumlar ölünü qəbirdən çıxara bilər?
Özəl

Qohumlar ölünü qəbirdən çıxara bilər?

İnsan vəfat etdikdən sonra onun dəfn olunduğu məzarın açılması çoxlarının ağlına belə gətirmədiyi məsələlərdəndir. Cəmiyyətdə qəbirin açılması əsasən hüquq-mühafizə orqanlarının araşdırmaları və məhkəmə-tibbi ekspertiza ilə əlaqələndirilsə də, qanunvericilikdə bunun başqa halları da nəzərdə tutulub. Məlum olur ki, müəyyən şərtlər daxilində mərhumun yaxınlarının müraciəti ilə də onun meyitinin qəbirdən çıxarılması mümkündür. Demokrat.az xəbər verir ki, Azərbaycanda dəfn edilmiş şəxsin meyitinin və ya qalıqlarının qəbirdən çıxarılması, yəni ekshumasiyası qanunvericiliklə tənzimlənir. Maraqlıdır ki, belə bir hal yalnız cinayət işi və ya məhkəmə qərarı ilə bağlı deyil. Müəyyən şərtlər daxilində mərhumun yaxın qohumlarının, qanuni nümayəndələrinin və hətta onun dəfn xərclərini çəkmiş şəxslərin arzusu ilə də ekshumasiyaya yol verilə bilər. Bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli 522 nömrəli qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda əksini tapıb. Qaydaların 25.1-ci bəndinə əsasən, ölmüş şəxsin prosessual ekshumasiyası Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir. 25.2-ci bənddə isə qeyri-prosessual ekshumasiyanın mümkün olduğu hallar sadalanır. Buraya elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyəti, qəbrin köçürülməsi, dəfn olunmuş hərbi qulluqçuya şəhid adı verildikdən sonra onun Şəhidlər xiyabanında basdırılması ilə bağlı müraciət, eləcə də mərhumun qohumlarının, qanuni nümayəndələrinin və ya dəfn xərclərini çəkmiş şəxslərin arzusu daxildir. Qanunvericilikdə ekshumasiya üçün müəyyən zaman məhdudiyyəti də nəzərdə tutulub. Belə ki, çürümə və minerallaşma proseslərinin zəif getdiyi yaş qrunt ərazilərində dəfndən sonra ən azı 3 il, quru qumlu qrunt ərazilərində isə ən azı 1 il keçməlidir. Bundan başqa, ekshumasiya qəbiristanlığın müdiriyyətinin iştirakı ilə həyata keçirilməlidir. Prosedur başa çatdıqdan sonra qəbir yeri dezinfeksiya olunmalı və torpaqla örtülməlidir. Qeyd edək ki, qaydaların 2.1.8-ci yarımbəndində mərhumun qohumlarının dairəsi də müəyyənləşdirilib. Buraya həyat yoldaşı, uşaqları, valideynləri, bacı-qardaşları, baba-nənələri, nəvələri və digər sadalanan yaxın qohumları daxildir. Fidan Hacızadə

19 noyabr 2026 16:30
Bir qurum fermerdən pul alacaq, digəri isə qaytaracaq
Özəl

"Bir qurum fermerdən pul alacaq, digəri isə qaytaracaq"

Gələn ildən etibarən fermerlərin də gəlir vergisinə cəlb olunması nəzərdə tutulur. Belə ki, onlardan 10 faiz gəlir vergisi tutulacaq. Qeyd edək ki, təxminən 30 ildir kənd təsərrüfatı məhsulları istehsalçıları yalnız torpaq və daşınmaz əmlak vergisi ödəyir, digər vergilərdən azad olunublar. İqtisadçı Elçin Rəşidov Demokrat.az-a açıqlamasında bildirib ki, gəlir vergisi və mənfəət vergisinin dərəcəsi 20 faiz olduğuna görə gəlirlərin 90 faizi güzəştə düşür, 10 faizlik hissəsindən isə vergi tutulur: "Beləliklə, ümumi gəlirin cəmi 2 faizi vergi təşkil edir. Fermerlər indiyə qədər də müəyyən ödənişlər ediblər. Məsələn, kənd təsərrüfatında, aqrar sektorda fəaliyyət göstərən şirkətlər işçi götürdükdə DSMF ödənişləri edirlər. DSMF ödənişləri Azərbaycanda vergi xarakteri daşıyan ödənişlərdir. Çünki həmin vəsaiti ödəyən şəxs özünün deyil, başqalarının pensiya təminatına vəsait ayırır. Eyni zamanda, icbari tibbi sığorta və işsizlikdən sığorta ödənişləri də mövcuddur. İşçi yüksək gəlir əldə edirsə, həmin gəlirdən də vergi ödəyir. Yəni kənd təsərrüfatı sektorunda indiyə qədər də vergi ödənişləri olub. Sadəcə, həmin şirkətlər mənfəət vergisindən azad idilər. Lakin şirkətin dividend vergisi də var. Sabah şirkətin sahibi dividendlərini götürərsə, həmin vəsaitdən də vergi ödəyir. Buna görə də fermerlərin və aqrar sektorun bütün vergilərdən azad olması fikri mifdir. İndi sadəcə olaraq şirkətlərə əlavə olaraq mənfəət vergisi tətbiq olunur. Qanunvericilikdə digər fermerlərin, fərdi sahibkarların da bu vergi öhdəliyi nəzərdə tutulur. Ancaq bunun praktikada tətbiqi çətin olacaq. Çünki əsas məsələ onların gəlirlərinin qeydə alınması və uçota alınmasıdır ki, həmin gəlirlərdən vergi tutmaq mümkün olsun. Vergi uçotunun aparılması üçün fermerlərin satışları qeydə alınmalıdır. Məsələn, fermer məhsulunu supermarketə satırsa və ödənişi köçürmə yolu ilə alırsa, bu zaman gəliri vergi uçotuna düşə bilər. Nağd satışlarda isə həmin gəlirlərin uçota alınması çətin olacaq. Eyni zamanda, indiyə qədər fermerlərin bir qismi mövsümi işçiləri müvəqqəti işə götürürdü və həmin işçilər də rəsmi uçota düşmürdülər. Bu da məsələnin digər tərəfidir. İkinci məsələ isə ondan ibarətdir ki, Kənd Təsərrüfatı Nazirliyi məhsulların satışına görə subsidiya verilməsini nəzərdə tutur, Vergi Xidməti isə həmin satışlara vergi tətbiq etməyi planlaşdırır. Beləliklə, biz vergi ödəyicilərinin hesabına iki dövlət qurumunun fəaliyyətini genişləndirəcəyik. Bir qurum kənd təsərrüfatı məhsullarının satışından, məsələn, fermerdən 10 manat vergi alacaq, digər qurum isə həmin 10 manatı subsidiya şəklində yenidən fermerə qaytaracaq. Yəni bir qurum məhsulun satışından vergi tutacaq, digəri isə elə həmin satışa görə fermerə subsidiya verəcək". İqtisadçı qeyd edib ki, hazırda Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının satışına görə subsidiya verilir: "Əksər məhsullarda isə subsidiya satışa görə deyil, əkinə və istehsala görə ödənilir. İndi isə məhsulun satışına görə həm vergi tutulması, həm də subsidiya verilməsi məsələsi ortaya çıxır. Nəticədə dövlət sektoru süni şəkildə genişlənəcək, dövlət vəsaiti israf ediləcək. Boş yerə əlavə pul xərclənəcək. Bir qurum fermerdən pul alacaq, digər qurum isə həmin pulu fermerə qaytaracaq. Bu, iqtisadiyyat üçün zərərdir. Bundan əlavə, verginin tətbiqi fermerlərin gəlirlərini azaldacaq. Gəlirlərin azalması bir çox fermerin bu sahədən uzaqlaşmasına səbəb ola bilər. Yeni fermerlərin yaranmasına, investorların aqrar sektora daxil olmasına da maneələr yaradacaq. Nəticədə kənddən şəhərə axın artacaq, kənd təsərrüfatı sahəsində işsizlik yüksələcək və investisiyalar azalacaq. Bu qərar kənd təsərrüfatı məhsullarının qiymətlərinə, əsasən, təsir etməyəcək. Yalnız çox nadir hallarda bəzi məhsulların qiymətində artım yarana bilər. Söhbət xaricdən gətirilməyən, əvəzedicisi idxal olunmayan və uzaq məsafələrə daşınması mümkün olmayan məhsullardan gedir. Məsələn, tut və əncir kimi məhsulların qiymətində artım ola bilər. Çünki bu məhsulların vergiyə cəlb olunması onların maya dəyərinə və nəticə etibarilə qiymətinə təsir göstərə bilər. Amma xaricdən gətirilməsi mümkün olan məhsulların qiymətinə bu qərar təsir etməyəcək. Məsələn, balıq, ət, toyuq, yumurta, bir çox meyvə və demək olar ki, bütün tərəvəzlərin qiymətində artım gözlənilmir. Hansısa iqtisadçı bunun qiymətlərə təsir edəcəyini deyirsə, deməli, qiymətin formalaşması mexanizmini bilmir və ya düzgün qiymətləndirmir. Eyni zamanda, bu qərarın qiymətləri artıran amil olduğunun bildirilməsi də yanlışdır. Ümumiyyətlə, bəzi addımlar iqtisadiyyatı irəli deyil, geri aparır". Fidan Hacızadə

19 noyabr 2026 16:10
Maaşın 100 manatına qızıl alıb, qoyun kənara...
İqtisadiyyat

"Maaşın 100 manatına qızıl alıb, qoyun kənara..."

İnsanların maddi vəziyyətinə təsir edən amillər yalnız gəlir səviyyəsi və iş imkanları ilə məhdudlaşmır. Bəzən gündəlik vərdişlər, yanlış maliyyə qərarları və plansız xərclər də insanların daha çox pul qazanmasına və yığım etməsinə mane olur. Xüsusilə impulsiv alış-veriş, maliyyə planlamasının olmaması və gəlirlərin düzgün idarə edilməməsi zamanla ciddi maddi çətinliklər yarada bilər. İnsanların pul qazanmasına və maddi vəziyyətini yaxşılaşdırmasına mane olan əsas vərdişlər hansılardır? İqtisadçı Razi Abasbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, maddi vəziyyətin pisləşməsinə səbəb olan kifayət qədər ciddi amillər var: "Əlbəttə ki, yalnız gəlirlərin az olması və işsizlik maddi vəziyyətin ağırlaşmasına səbəb olan amillər deyil. Bu məsələdə digər faktorlar da mühüm rol oynayır. Məsələn, insanların əllərində olan vəsaiti plansız şəkildə xərcləməsi, gəlirlərini əvvəlcədən planlaşdırmaması və xərclərini zəruri ehtiyaclara yönəltmək vərdişinin olmaması. Bəzən insanlar marketinq tələsinə də düşürlər. Endirimlər və reklamlar ehtiyac olmadığı halda belə onları müəyyən məhsulları almağa sövq edir. Kiçik görünən xərclər isə ümumilikdə aylıq və illik ailə büdcəsinə ciddi təsir göstərə bilir. Digər problem gəlirdən artıq xərcləmə vərdişidir. Bəzi insanlar qazandıqlarından daha çox xərcləməklə öz həyat səviyyələrini bir qədər də çətinləşdirirlər. Vətəndaşların yığım vərdişlərinin olmaması da ciddi məsələlərdən biridir. Halbuki kiçik məbləğlərin belə müntəzəm şəkildə yığılması ailə büdcəsi üçün dayanıqlı maliyyə sistemi formalaşdıra bilər. Vətəndaşların maliyyə savadlılığının aşağı olması, faiz dərəcələrini, kreditin real xərclərini və digər maliyyə faktorlarını bilməmələri də mühüm problemlərdəndir. Vətəndaşlar qarşılarına çıxan ilk kredit təklifindən yararlanmağa çalışırlar. Halbuki müxtəlif kredit təşkilatlarının təkliflərini araşdırmaq, daha aşağı faiz dərəcəsi və əlverişli şərtlər təqdim edən variantı seçmək lazımdır. İlk təklif olunan krediti götürməkdənsə, bazarı ciddi şəkildə araşdıraraq daha sərfəli seçim etmək doğru olardı". İqtisadçı qeyd edib ki, yalnız bir gəlir mənbəyinə güvənərək ailə büdcəsini formalaşdırmaq da vətəndaşların maliyyə imkanlarını məhdudlaşdırır: "Əlavə bacarıqların inkişaf etdirilməsi və alternativ gəlir mənbələrinin tapılması ailə büdcəsinin gücləndirilməsi üçün vacib şərtlərdən biridir. Digər bir məsələ vaxtın düzgün idarə edilməməsidir. Vaxtdan məhsuldar istifadə olunmaması, insanların özlərini inkişaf etdirmək, yeni bilik və bacarıqlar qazanmaq istiqamətində kifayət qədər səy göstərməməsi də onların maddi vəziyyətinə təsir edir. Halbuki vaxtı daha düzgün dəyərləndirmək və şəxsi inkişaf üçün istifadə etmək gələcəkdə əlavə imkanlar yarada bilər. Azərbaycan vətəndaşları, təəssüf ki, son illərdə borcla yaşamağa artıq vərdiş ediblər və bu, gündəlik həyat tərzinə çevrilib. Məsələn, kredit kartları, istehlak kreditləri və digər borclanma təkliflərinə mütləq şəkildə razılıq verirlər, onlara "yox" deyə bilmirlər. Nəticədə mütəmadi faiz ödənişləri insanların həm maddi vəziyyətini ağırlaşdırır, həm də yığım imkanlarını demək olar ki, sıfıra endirir. Digər ciddi problem maliyyə hədəflərinin olmamasıdır. İnsanlar müəyyən müddət ərzində hansı maliyyə imkanlarına sahib olmaq istədiklərini əvvəlcədən müəyyənləşdirmirlər. Bu da maliyyə planlamasında ciddi boşluq yaradır. Cəmiyyətdə qısamüddətli maliyyə düşüncəsi hakimdir. Bizdə "Bu gün var, sabaha Allah kərimdir" deyə bir el məsəli var. Təəssüf ki, bir çox insan məhz bu prinsiplə yaşayır. Bu gün maddi imkanı varsa, sabah vəziyyətinin necə olacağını planlaşdırmır. Bu isə gələcək üçün ciddi risklər yaradır. Həmin risklər insanların kreditlərdən asılılığını artırır, borclanmaya arxayın yanaşmasına və nəticədə getdikcə daha da çətinləşən həyat səviyyəsinin formalaşmasına səbəb olur". Razi Abasbəyli qeyd edib ki, ümumilikdə, vətəndaşların maliyyə vəziyyətinin yaxşılaşmasına kömək edə biləcək üç əsas amil var: gəlirlərin artırılması, xərclərin düzgün idarə edilməsi və gələcək üçün yığımın formalaşdırılması: "Bu üç istiqamət üzrə məqsədlər müəyyənləşdirilərsə, insanların maddi vəziyyəti müəyyən qədər yaxşılaşa bilər. Əlbəttə ki, burada inflyasiyanı da nəzərə almalıyıq. Vətəndaşlar yığım edərkən inflyasiyanın təsirini mütləq hesaba almalıdırlar. Çünki pulun nominal dəyəri dəyişməsə də, alıcılıq qabiliyyəti zaman keçdikcə azalır. Bu gün 10 manata əldə edilə bilən məhsul və xidmətləri bir neçə ay sonra eyni məbləğə almaq mümkün olmaya bilər. Beləliklə, həmin 10 manatın real alıcılıq qabiliyyəti əvvəlki səviyyədə qalmır. Ona görə də vətəndaşlar yığım məsələsində inflyasiyanı mütləq nəzərə almalıdırlar. Daha məqsədəuyğun olardı ki, xırda yığımlardan nisbətən iri yığımlara keçməklə yanaşı, dəyərini inflyasiya qarşısında daha yaxşı qorumaq imkanına malik olan xarici valyuta və qızıl kimi aktivlərə də üstünlük versinlər. Məsələn, bir vətəndaş aylıq gəlirindən 100 manat ayırmaqla 0,5 qramlıq qızıl ala bilər. Qızılın dəyəri dəyişə bilsə də, uzunmüddətli dövrdə dəyərin qorunması vasitələrindən biri hesab olunur. Qızıl çox yüksək gəlir qazandıran aktiv olmasa da, dəyərini itirən investisiya vasitəsi də deyil. Ona görə də xırda yığımlar zamanla daha böyük yığımların formalaşmasına şərait yarada bilər. Bu, eyni zamanda, inflyasiyanın və digər maliyyə risklərinin təsirini azaltmaq üçün müəyyən imkanlar yaradır". Fidan Hacızadə

19 noyabr 2026 15:00
Pul verməmək üçün deyirlər ki, öz xahişinlə işdən çıx...
Sosial

"Pul verməmək üçün deyirlər ki, öz xahişinlə işdən çıx..."

İş yerində ixtisar, rəhbərliklə fikir ayrılığı və ya digər səbəblərdən işdən çıxarılma təhlükəsi ilə üzləşən şəxslər bəzən hüquqlarını bilmədikləri üçün tələsik qərarlar verirlər. Belə hallarda bəzi işçilər öz ərizələri ilə işdən çıxmağa məcbur edilir, digərləri isə qanunvericilikdə nəzərdə tutulan təminatlardan xəbərsiz olurlar. Halbuki işdən azad edilmə prosesi müəyyən hüquqi prosedurlara uyğun həyata keçirilməlidir. Belə vəziyyətlə üzləşən işçi hüquqlarını qorumaq üçün hansı addımları atmalı və nələrə diqqət etməlidir? Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, əmək müqaviləsi müddətli deyil, müddətsiz bağlanıbsa, işəgötürən müqaviləyə müddətin sonunda xitam verə bilməz. Müddətli müqavilələrdə isə vəziyyət fərqlidir: "Heç bir əsas göstərmədən müqaviləyə xitam verə bilir və təəssüf ki, bu, qanunidir. Təəssüf doğuran məqamlardan biri də odur ki, Əmək Məcəlləmiz işəgötürənlərə istədikləri hallarda müddətli müqavilə bağlamağa imkan verir. Bu da ona gətirib çıxarıb ki, bu gün Azərbaycanda nəinki illik, hətta bir aylıq əmək müqavilələri də var. Yəni hamı elə müqavilə bağlayır ki, müddəti bir ay olsun. Müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilməsə, yenə bir aylıq uzadılmış hesab olunur. Bu, sadəcə olaraq, işçinin hüquqlarının pozulmasıdır və təəssüf ki, qanun buna yol verir. Əslində, qanunda konkret göstərilməlidir ki, işəgötürən hansı hallarda müddətli əmək müqaviləsi bağlaya bilər. İşçi daimi lazımdırsa, işəgötürən niyə müddətli müqavilə bağlayır? Səbəb bəllidir: istədiyi vaxt işçini işdən çıxara bilsin. Çünki müqavilə müddətsiz olduqda işəgötürən işçini yalnız qanunda nəzərdə tutulan müəyyən hallarda öz təşəbbüsü ilə işdən azad edə bilər. İşçi kobud pozuntuya yol veribsə, bu, aydındır. Həmin pozuntu araşdırılmalı, sənədləşdirilməli və işçi həqiqətən də kobud pozuntuya görə işdən azad edilməlidir. İkinci səbəb ixtisardır. Həmin ştat vahidi ləğv olunur. Bu halda da işçiyə iş stajından asılı olaraq kompensasiya verilməlidir. Bəzən işəgötürənlər bu kompensasiyanı ödəməmək üçün ixtisar zamanı işçiyə deyirlər ki, öz xahişinlə işdən çıx. İşçi niyə öz ərizəsi ilə işdən çıxmalıdır? İşçi belə vəziyyətdə ərizə yazmamalıdır. Deməlidir ki, ixtisar edirsinizsə, ixtisar edin, kompensasiyamı da ödəyin. Bəs işəgötürənin təşəbbüsü ilə işçini işdən azad edə biləcəyi üçüncü hal nədir? Attestasiyadır. Bu halda bütün işçilərin attestasiyası keçirilməlidir, yalnız konkret bir nəfərin yox. Komissiya yaradılmalı və işçilərin tutduqları vəzifələrə uyğunluğu yoxlanılmalıdır". Əkrəm Həsənov bildirib ki, işçi prosesin obyektiv keçirilmədiyini düşünürsə attestasiya nəticəsində qəbul edilən qərardan da şikayət edə bilər: "Təbii ki, bu məsələ də xeyli mübahisələr doğurur. Buna görə də işəgötürənlər bir sıra hallarda işçilərə öz ərizələri ilə işdən çıxmağı təklif edirlər. İşçi özünü haqlı hesab edirsə, heç bir qanun pozuntusuna yol verməyibsə və attestasiyadan uğurla keçibsə, ərizə yazmamalıdır. Çünki ərizə yazması işdən öz xahişi ilə ayrılması deməkdir. Bu halda isə sonradan işdən çıxarılma qərarını mübahisələndirmək artıq mümkün olmur". Fidan Hacızadə

19 noyabr 2026 14:00
Bu sanitar-gigiyenik tələblərin ciddi şəkildə pozulmasıdır və tez-tez yoxlanılmalıdır
Sağlamlıq

"Bu sanitar-gigiyenik tələblərin ciddi şəkildə pozulmasıdır və tez-tez yoxlanılmalıdır"

Hovuzlarda dezinfeksiya məqsədilə istifadə olunan xlorun insan sağlamlığına mümkün mənfi təsirləri ilə bağlı müxtəlif fikirlər səslənir. Bildirilir ki, xlorun normadan artıq olması tənəffüs yollarının qıcıqlanmasına, gözlərdə yanma və dəridə problemlərə səbəb ola bilər. Xüsusilə uşaqların və mütəmadi olaraq hovuza gedən şəxslərin bu baxımdan diqqətli olması tövsiyə edilir. Hovuzlarda istifadə olunan xlorun miqdarının normadan artıq olması insan sağlamlığı üçün hansı təhlükələr yaradır? Vətəndaşlar hovuzun sanitar vəziyyətini və suyun təhlükəsizliyini necə müəyyən edə bilərlər? Demokrat.az-a bu barədə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, bütün ictimai yerlərdə yerləşən üzgüçülük hovuzları, o cümlədən fərdi evlərdəki hovuzlar da mütəmadi olaraq yoxlanılmalıdır: "Yoxlamalar zamanı suda koli-titr və koli-indeks göstəriciləri müəyyən edilir. Bu göstəricilər suda bağırsaq çöplərinin olub-olmamasını müəyyənləşdirməyə xidmət edir. Əldə olunan nəticələr əsasında həmin suyun istifadəyə yararlı olub-olmaması barədə qərar verilir. Suyun təmizlənməsi və gigiyenik tələblərə cavab verməsi üçün xlorlamadan istifadə olunur. Lakin xlorun da müəyyən toksiki və allergik təsirləri var. Xüsusilə də normadan artıq istifadə edildikdə bu təsirlər daha qabarıq özünü göstərir. Amma nəzərə almaq lazımdır ki, xlor istifadə edilmədikdə üzgüçülük hovuzlarına insanların ifraz etdiyi müxtəlif bioloji mayelər, o cümlədən sidik, bəlğəm və öskürək zamanı yayılan ifrazatlar vasitəsilə mikroorqanizmlər düşə bilər. Nəticədə hovuzdan istifadə edən insanlar arasında müxtəlif infeksiyaların yayılması riski yaranır". Professor vurğulayıb ki, hovuzların xlorlanması vacibdir: "Xlorlamanın mümkün əks-təsirlərinin yaratdığı risk infeksiyaya yoluxma riskindən xeyli aşağıdır. Hesab edirəm ki, hələlik xlorlama alternativsiz üsul olaraq qalır. Xüsusilə də gün ərzində yüzlərlə insanın istifadə etdiyi ictimai hovuzlarda bu, çox vacibdir. Bu, dünyanın hər yerində tətbiq olunan ümumi sanitariya-gigiyena tələbidir. Bununla yanaşı, suyun vaxtında dəyişdirilməsi və hovuzun su həcminə uyğun miqdarda xlor əlavə edilməsi də olduqca vacibdir. Xlorun normadan artıq istifadə olunması və suyun uzun müddət dəyişdirilmədən saxlanılması yolverilməzdir. Bəli, bunlar sanitar-gigiyenik tələblərin ciddi şəkildə pozulmasıdır və müvafiq qurumlar tərəfindən mütəmadi yoxlanılmalıdır". Fidan Hacızadə

19 noyabr 2026 13:30