"Sabah" – "Barselona" qarşılaşmasına maraq böyükdür. UEFA Çempionlar Liqasının liqa mərhələsində noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna 74 müxtəlif ölkədən azarkeşlər bilet əldə ediblər. Qarşılaşmanın həm stadionda, həm də futbol ictimaiyyətində böyük maraq doğuracağı gözlənilir.
Futbol eksperti Arif Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, "Barselona" ilə oyun özü bir bayram əhval-ruhiyyəsidir.
Onun sözlərinə görə, belə komandaların Azərbaycana gəlməsi çox böyük hadisədir:
"Ona görə də azarkeşlərin stadionu doldurması təbii haldır. Hətta deyərdim ki, nə qədər çox yer olsa, hamısı dolar. Burada marağın bu qədər yüksək olması, dediyim kimi, tamamilə təbiidir.
Oyuna gəldikdə, belə bir komandaya qarşı kollektiv şəkildə çıxış etmək həm inkişaf, həm də gələcək üçün stimul baxımından çox yaxşı hadisədir. Nəticədən daha çox, bu ab-havada, belə bir oyunda iştirak etmək özü sabah üçün müsbət haldır".
Ekspert əlavə edib ki, təbii ki, burada favorit birmənalı şəkildə "Barselona"dır:
"Amma futbol elə bir oyundur ki, sürpriz nəticələrlə də yadda qala bilər. Vacib olan sabah "Sabah"ın öz oyun üslubundan əl çəkməməsidir. Yəqin ki, komanda tam qapanmayacaq, bacardıqca öz oyun üslubunu tətbiq etməyə çalışacaq və "Barselona"ya da baş ağrısı yaradacaq. Uğurlar arzulayıram".



