YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

Osimhen Avropanın ulduzlarını geridə qoydu

Osimhen Avropanın ulduzlarını geridə qoydu

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen cari mövsüm Avropanın ən böyük 10 liqasında qol imkanları yaratmaq və qapıya zərbələr endirmək baxımından diqqətçəkən göstəricilərə imza atıb.

Demokrat.az xəbər verir ki, Türkiyənin "Hürriyet" nəşrinin məlumatına görə, Nigeriya millisinin 27 yaşlı üzvü Türkiyə Superliqasında keçirdiyi 8 oyunda hər matça orta hesabla 5,9 zərbə vurub. Bu göstərici ilə o, Avropanın 10 aparıcı liqasında ilk pillədə qərarlaşıb.

Osimhenin ən yaxın izləyicisi "Real Madrid"in ulduzu Kilian Mbappe olub. Fransalı futbolçu hər matçda orta hesabla 4,1 zərbə ilə ikinci yerdədir. "İnter"dən Lautaro Martines 3,8, "Zenit"dən Maksim Qluşenkov 3,6 göstərici ilə növbəti pillələrdə qərarlaşıb.

Maraqlıdır ki, "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalandın bu göstəricisi 2,9-dur. Beləliklə, Osimhen qapıya zərbələrin sayında Haalandı ikiqat üstələyib.

Nigeriyalı forvard dəqiq zərbələrdə də rəqiblərini qabaqlayır. O, hər matçda orta hesabla 3,1 dəfə qapı çərçivəsinə dəqiq zərbə endirir. Mbappe və Niderlandın "Tvente" klubunda çıxış edən Vut Veqhorst 2,8 göstərici ilə ikinci yeri bölüşür. Haalandın dəqiq zərbələrinin orta sayı isə 1,8-dir.

Osimhenin məhsuldarlığı "Qalatasaray"ın komanda statistikasına da təsir edib. İstanbul təmsilçisi hər matçda orta hesabla 16,8 zərbə ilə Avropanın ən çox qapıya zərbə vuran ikinci komandasıdır. Bu göstəricidə Türkiyə klubu "Bayern Münhen"lə eyni nəticəyə malikdir. İlk sırada isə 18,5 zərbə ilə Belçikanın "Brügge" klubu qərarlaşıb.

Dəqiq zərbələrin sayına görə "Qalatasaray" 7,5 göstərici ilə üçüncüdür. Bu kateqoriyada "Bayern Münhen" 9,4 zərbə ilə lider, PSJ və "Barselona" isə 7,8 göstərici ilə ikinci yerdədir.