YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Maskdan Zelenskiyə sərt ittiham: "Yalan danışır"

Maskdan Zelenskiyə sərt ittiham: Yalan danışır

"SpaceX" şirkətinin rəhbəri İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskini "Starlink" və "Starshield" peyk rabitə sistemləri ilə bağlı açıqlamalarına görə yalan danışmaqda ittiham edib.

Demokrat.az xəbər verir ki, Mask bu barədə "The New York Times" qəzetinin təşkil etdiyi "DealBook Summit" tədbirində jurnalist Endryu Ross Sorkinin suallarını cavablandırarkən danışıb.

Maskın sözlərinə görə, "Starlink" mülki rabitə ehtiyacları üçün nəzərdə tutulub və hücum xarakterli hərbi əməliyyatlarda, o cümlədən pilotsuz uçuş aparatlarının hücumlarında istifadə edilməməlidir.

O bildirib ki, belə hərbi əməliyyatlar üçün "Starlink"dən ayrı olan "Starshield" sistemindən istifadə edilməlidir. Maskın sözlərinə görə, bu sistem ABŞ hökumətinin nəzarətindədir.

Milyarder əlavə edib ki, kimin hədəfə alınması və öldürülməsi ilə bağlı qərarları özəl şirkət rəhbəri deyil, ABŞ Müdafiə Nazirliyi və son nəticədə ölkə prezidenti verməlidir.

Jurnalist Zelenskinin Ukraynada fəaliyyəti məhdudlaşdırılan sistemin məhz "Starshield" olduğunu bildirdiyini xatırladanda Mask onun iddiasını rədd edib.

"Yalan danışır. Əslində, onun istədiyi "Starlink"dən hücum xarakterli hərbi əməliyyatlarda istifadə etməkdir", – deyə Mask bildirib.