"Hazırda dünyanın əsas diqqəti Yaxın Şərqdəki hərbi siyasi böhrana və Ukrayna savaşına yönəlib. 2027-ci ildə Yaxın Şərq savaşının sona çatacağı o qədər də inandırıcı görünmür. Bu həm də Ukrayna savaşına da aiddir. Çünki Ukrayna savaşının dayandırılması üzrə sülh prosesi də formal xarakter daşıyır və bu Ukrayna savaşı ətrafında yaranmış hərbi strateji situasiya kifayət qədər qəliz, qəliz bir prosesin başlanğıcını qoyub. Və bu da o deməkdir ki, Ukrayna savaşının dayandırılma ehtimalı da o qədər də yüksək deyil".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

O bildirib ki, yeni münaqişələr də yarana və mövcud iki böyük münaqişə ocağının davamı kimi ortaya çıxa bilər:
"Yəni həm Yaxın Şərqdə, həm də Ukrayna savaşı ətrafında yeni münaqişələrin yaranma ehtimalı mövcuddur. Şərqi Avropa ölkələrinin, xüsusilə də Baltikyanı dövlətlərin hansısa formada, xüsusilə də Rusiyanın təhrikləri ilə Ukrayna savaşının iştirakçıları sırasına daxil olma ehtimalı mövcuddur. Eyni zamanda bəzi ərəb ölkələrinin də Yaxın Şərq savaşına bulaşma təhlükəsi istisna deyil. Ümumi götürdükdə Avropa ölkələri üçün də olduqca ciddi təhlükələrin mövcud olduğu qətiyyən şübhə doğurmur. Hazırda Avropa ölkələrinin böyük əksəriyyətində ölkədaxili böhran, sosial-iqtisadi böhran dərinləşir və bu sosial-iqtisadi böhranın irəlilədikcə siyasi böhrana çevrilmə ehtimalı qətiyyən istisna deyil. Hətta bu prosesin bir çox Avropa ölkəsində hakimiyyət dəyişikliklərinə yol aça biləcəyi də ehtimal olunur. Və bu isə Avropa məkanı üçün olduqca təhlükəli bir prosesdir. Çünki hazırda hakimiyyətdə olan qüvvələrin, daha mötədil qüvvələrin Avropa ölkələrində radikal, irqçi, ultramillətçi qüvvələrlə əvəz olunma təhlükəsi mövcuddur. Və bu proseslər inkişaf edərsə yaxın gələcəkdə hətta Avropa ölkələrinin arasında belə birbaşa silahlı toqquşmalar baş verə bilər. Təbii ki, bu konkret olaraq 2027-ci ildə baş verəcəyi proqnozlaşdırıla biləcək bir proses deyil. Bu daha irəli perspektiv üçün istisna olunmayan variantdır. Daha irəli illərdə Avropa ölkələrinin arasında da hərbi siyasi münaqişələrin baş vermə ehtimalı qətiyyən istisna olunmur".



