ABŞ-ın Kaliforniya ştatının Vəkillər Kollegiyası Ağ Evin keçmiş mətbuat katibi Keti Zaxariya ilə bağlı araşdırmaya başlayıb. Buna səbəb onun müvafiq lisenziyası olmadığı halda özünü peşəkar hüquqşünas kimi təqdim etməsi ilə bağlı şübhələrdir.
Demokrat.az xəbər verir ki, bu barədə qeyri-kommersiya təşkilatı "Campaign for Accountability" (CfA) məlumat yayıb.
Təşkilatın bildirdiyinə görə, Vəkillər Kollegiyası araşdırmanın başlanması ilə bağlı onlara rəsmi məktub göndərib. Yoxlama oktyabrın 14-də təqdim edilən şikayət əsasında başladılıb. Şikayətdə Zaxariyanın ictimai çıxışlarında dəfələrlə özünü vəkil kimi təqdim etməklə Kaliforniya qanunlarını pozmuş ola biləcəyi qeyd olunur.
Xatırladaq ki, Keti Zaxariya oktyabrın 9-da yeni işə keçməsi ilə əlaqədar Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılıb. O, bu postda cəmi beş gün çalışıb.
Onun qısa müddətdə vəzifədən getməsinə səbəb hüquq təhsili və peşəkar fəaliyyəti ilə bağlı yaranan qalmaqal olub. Belə ki, ABŞ Prezidenti Donald Tramp onu ictimaiyyətə hüquqşünas kimi təqdim etsə də, sonradan Zaxariyanın vəkillik lisenziyasının olmadığı üzə çıxıb. Məlum olub ki, o, müvafiq lisenziyanı almaq üçün keçirilən imtahandan keçə bilməyib.



