İşçilər müxtəlif şəxsi, ailəvi və sağlamlıqla bağlı səbəblərdən iş saatlarında iş yerini tərk etmək və ya işdən icazə almaq məcburiyyətində qala bilərlər. Bəzi hallarda bu zərurət ay ərzində bir neçə dəfə təkrarlanır. Lakin işçilərin nə qədər tez-tez icazə ala biləcəyi və işəgötürənin bu müraciətləri qəbul edib-etməməsi əmək münasibətlərində suallar yaradır.
Bəs qanunvericiliyə görə işçi ay ərzində neçə dəfə işdən icazə ala bilər? İşəgötürən icazə verməkdən imtina edə bilərmi və icazə alınan saatların əməkhaqqından və ya illik məzuniyyətdən çıxılması qanunidirmi?
Demokrat.az-a bu barədə danışan hüquqşünas Elnur Məmmədov deyib ki, əmək münasibətlərində işçilərin şəxsi, ailə və digər zəruri səbəblərlə iş vaxtı ərzində iş yerini tərk etməsinə ehtiyac yarana bilər.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının əmək qanunvericiliyində bu məqsədlə işçinin ay ərzində neçə dəfə icazə ala biləcəyinə dair konkret say məhdudiyyəti müəyyən edilməyib:
"Yəni işçi zərurət yarandıqda ay ərzində bir neçə dəfə işəgötürənə müraciət edə bilər. Lakin bu, onun iş yerini istədiyi vaxt özbaşına tərk etmək hüququna malik olması demək deyil. Belə hallarda işçi əvvəlcədən işəgötürənə məlumat verməli və icazə almalıdır. İşəgötürən isə müraciəti işin xüsusiyyətlərini, istehsalat zərurətini və müəssisənin iş rejimini nəzərə alaraq qiymətləndirə bilər. Qanunvericilikdə xüsusi təminat nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin şəxsi səbəblərlə icazə vermək kimi ümumi öhdəliyi yoxdur. Buna görə də o, əsaslandırılmış səbəblərlə müraciəti təmin etməkdən imtina edə bilər. İcazə verilən saatların əməkhaqqına təsiri də ayrıca hüquqi məsələdir. Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən, işəgötürən hər bir işçinin faktiki işlədiyi vaxtın dəqiq uçotunu aparmalıdır. Bu səbəbdən işçinin işləmədiyi saatlar nəzərə alınmaqla əməkhaqqının hesablanması əməkhaqqı sistemindən və tərəflərin razılaşmasından asılıdır. Bununla belə, əməkhaqqından hər hansı məbləğin tutulması Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İşəgötürən özbaşına və qanuni əsas olmadan tutulma apara bilməz. Digər mühüm məqam isə icazə saatlarının illik əmək məzuniyyətindən çıxılmasıdır. İşçinin bir neçə saatlıq icazəsinin avtomatik olaraq illik məzuniyyət günlərindən silinməsi düzgün yanaşma deyil. Əmək məzuniyyəti Əmək Məcəlləsinin 113-cü maddəsinə uyğun olaraq ayrıca hüquqdur və qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. İşçi ilə razılaşma əsasında ödənişsiz məzuniyyət verilməsi mümkündür. Bu məsələ Əmək Məcəlləsinin 129-cu maddəsi ilə tənzimlənir".



