"Azərbaycan–Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə transformasiya edir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin 2014-cü ildəki ilk səfərindən sonra Vyetnama həyata keçirdiyi ikinci rəsmi səfər strateji əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan–Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsinin miqyasına uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoymasına töhfə verəcək bu səfər sadəcə iki ölkə arasındakı münasibətlər baxımından deyil, iki region arasındakı münasibətlər baxımından da mühüm əhəmiyyət daşıyır".
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, Prezident Ho Şi Minin və Ümummilli Lider Heydər Əliyevin mənəvi-siyasi irsi, ideyaları və yüksək mədəni dəyərləri bu gün də iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin bazisində dayanır:
"Bu iki liderin müəyyən etdiyi mənəvi-siyasi irs hər iki ölkənin, regionun və bütövlükdə dünyanın sülh və rifah naminə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bu gün də yol göstərməkdə davam edir. Diplomatik münasibətlərimizin qurulmasından ötən 34 il ərzində Vyetnam və Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxsaylı dəyişikliklərdən keçmişlər. Şübhəsiz ki, hər iki ölkə dəyişmiş, inkişaf etmiş, bu müddət ərzində beynəlxalq münasibətlər sistemi də ciddi transformasiyaya məruz qalmışdır. Lakin iki ölkənin qarşılıqlı hörməti və bir-birinə bəslədiyi səmimi münasibət dəyişməz qalaraq dövlətlərimizi və xalqlarımızı birləşdirən möhkəm dayağa çevrilmişdir. Münasibətlərimiz dostluqdan qaynaqlanır, qarşılıqlı etimada söykənir və bu amil, şübhəsiz ki, iqtisadi-ticari əməkdaşlığa mühüm impuls verir. Biznes dairələrinin qarşılıqlı potensial və üstünlüklərdən daha səmərəli istifadə etməsi istiqamətində əlverişli şəraitin yaradılması baxımından Hökumətlərarası Komissiyanın əsasının qoyulması çox mühüm hadisədir. Bu günə qədər Komissiyanın üç iclası keçirilmişdir. Bu mexanizm Azərbaycan–Vyetnam əməkdaşlığının bütün istiqamətlər üzrə inkişaf etməsinə töhfə verir".
Politoloq qeyd edib ki, müdafiə sahəsində də tərəflər arasında dövlətlərarası münasibətlərin səviyyəsinə uyğun olaraq əməkdaşlığın inkişafına xüsusi diqqət göstərilir:
"Bu əməkdaşlıq nümayəndə heyətlərinin mübadiləsini, humanitar minatəmizləmə, müdafiə sənayesi üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığı, eləcə də qarşılıqlı dəstəyi əhatə edir. Elm, texnologiya, təhsil və kadr hazırlığı kimi sahələrdə də əməkdaşlıq mərhələli şəkildə inkişaf etdirilir. Bu xüsusda Heydər Əliyev Fondunun fəaliyyəti diqqət çəkir. Neft-qaz və beynəlxalq münasibətlər ixtisasları üzrə bəzi vyetnamlı tələbələrin Azərbaycanda təhsil alması münasibətlərimizin dayanıqlı xarakter almasına gətirib çıxaracaq. Şübhəsiz ki, ənənəvi dostluq münasibətlərimizin təməlində dayanan bu möhkəm tarixi baza mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban xanım Əliyevanın Vyetnama hazırkı rəsmi səfəri sadəcə siyasi və diplomatik baxımdan əlamətdar hadisə kimi dəyərləndirilməməlidir. Bu, həm də hər iki tərəfin strateji baxışlarının konkretləşdirilməsi, yeni inkişaf impulslarının yaradılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından qarşımızda mühüm fürsətlər açır. Səfər hər iki ölkə xalqının mənafeyinə xidmət edir".



