YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Xarici siyasət

Trampa xüsusi münasibət, Putinə fərqli protokol: Çin nə demək istəyir?

Trampa xüsusi münasibət, Putinə fərqli protokol: Çin nə demək istəyir?

"Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin qarşılanması zamanı nümayiş etdirilən fərqli münasibət təbii olaraq siyasi və geosiyasi mesajlar müstəvisində müzakirələrə səbəb olub. Xüsusilə Çin lideri Si Cinpinin Trampı şəxsən qarşılaması, onunla səmimi davranışı, birgə görüntülərdə yaxınlıq nümayiş etdirməsi və dövlət ziyafətində ABŞ prezidentinin onunla eyni fəxri masada əyləşməsi diqqət çəkib. Bunun əksinə olaraq, Putinin daha aşağı səviyyəli protokolla qarşılanması, ziyafətdə Si Cinpin və Trampın əyləşdiyi masadan ayrı yerləşdirilməsi müəyyən suallar doğurub".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Trampa xüsusi münasibət, Putinə fərqli protokol: Çin nə demək istəyir?

Onun sözlərinə görə, bu fərqin arxasında Pekinin böyük dövlətlər arasında münasibətləri idarə etmək strategiyasını və mövcud güc balansına dair baxışlarını görmək mümkündür:

"Burada söhbət təkcə iki liderə şəxsi münasibətdən deyil, Çin diplomatiyasının Vaşinqton və Moskva ilə əlaqələrdə fərqli prioritetlərindən gedir. ABŞ dünya iqtisadiyyatında və beynəlxalq təhlükəsizlik sistemində həlledici aktorlardan biri olaraq qalır. Rusiya isə Çin üçün mühüm strateji tərəfdaş olsa da, Qərblə qarşıdurma və sanksiyalar fonunda iqtisadi baxımdan Pekindən getdikcə daha çox asılı vəziyyətə düşür. Beləliklə, eyni sammit çərçivəsində nümayiş etdirilən fərqli protokol yanaşması iki ölkənin Çin üçün fərqli siyasi və strateji çəkisini əks etdirən simvolik mənzərə yaradır. Məsələnin digər mühüm tərəfi Si Cinpinin Trampa nümayiş etdirdiyi isti münasibətin arxasında dayanan siyasi hesablamalardır. Çin ABŞ ilə münasibətlərdə rəqabətin idarəolunan səviyyədə saxlanılmasında maraqlıdır. Ticarət müharibələri, texnologiya sahəsində məhdudiyyətlər, Tayvan məsələsi və Hind-Sakit okean regionunda nüfuz uğrunda mübarizə Pekin-Vaşinqton münasibətlərinin əsas ziddiyyətləri olaraq qalır. Bu baxımdan, Trampın xüsusi qarşılanması Çinin ABŞ-la dialoqa hazır olduğunu, eyni zamanda münasibətlərin gələcək istiqamətinə təsir göstərmək imkanlarını qorumaq istədiyini nümayiş etdirir. Tramp üçün isə belə görüntülər beynəlxalq liderlik və şəxsi diplomatik nüfuz baxımından əhəmiyyətlidir.

Putinə münasibətdə fərqli protokolun nümayiş etdirilməsi isə Rusiyanın Çin üçün əhəmiyyətini itirməsi demək deyil. Əksinə, Moskva Pekinin enerji təhlükəsizliyi, regional siyasət və Qərbin təsirinin balanslaşdırılması baxımından mühüm tərəfdaşıdır. Lakin Rusiya ilə münasibətlərdə güc balansının dəyişdiyi də reallıqdır. Ukrayna müharibəsi, Qərb sanksiyaları və Rusiyanın iqtisadi təcridi Moskvanın alternativ tərəfdaşlara ehtiyacını artırıb. Çin isə bu vəziyyətdə daha geniş iqtisadi və siyasi manevr imkanlarına malikdir. Başqa sözlə, tərəfdaşlıq davam etsə də, münasibətlərdə asimmetriya getdikcə daha aydın görünür. Ümumilikdə, bu hadisədən çıxarıla biləcək əsas nəticə ondan ibarətdir ki, beynəlxalq siyasətdə diplomatik protokol bəzən rəsmi bəyanatlardan daha aydın mesajlar verir. Putinə verilən mesajı da dəyişən güc balansı şəraitində Pekinin öz mövqeyini və diplomatik üstünlüyünü nümayiş etdirməsi kimi dəyərləndirmək daha düzgün olar. Bu mənada bir tərəfdən Putinə yeri göstərilmiş olur, digər tərəfdən isə Çinin qlobal güc mərkəzi kimi öz şərtlərini və prioritetlərini müəyyənləşdirmək istəyinə dair mesaj verilmiş olur. Düşünürəm ki, burada ən maraqlı məqam Çinin Rusiyadan imtina etməsi deyil, sadəcə həm Moskva, həm də Vaşinqtonla münasibətlərdə təşəbbüsün və diplomatik gündəliyin öz əlində olduğunu göstərməyə çalışmasıdır".