Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərinə dövlət maliyyə yardımının göstərilməsi və jurnalistlər arasında müsabiqələrin keçirilməsi qaydalarını təsdiqləyib.
Demokrat.az xəbər verir ki, bununla bağlı Şuranın sədri Əhməd İsmayılovun imzaladığı 11 noyabr 2026-cı il tarixli Q/02 nömrəli qərarla iki yeni qayda təsdiq olunub.
Yeni qaydalara əsasən, onlayn media subyektləri ictimai-siyasi və idman məzmunu üzrə ayrı-ayrılıqda keçirilən müsabiqələrdə iştirak edə biləcəklər. Müsabiqəyə qatılmaq üçün media subyekti Media Reyestrinə daxil edilməli, azı dörd nəfərlik heyətə – bir məsul redaktor və üç jurnalistə malik olmalıdır. Həmçinin ofis sahəsi, zəruri iş şəraiti və veb-saytda "Metrix" təhlil alətinin skripti olmalıdır. Media subyektinin son iki il ərzində davamlı fəaliyyət göstərməsi də tələb edilir.
Onlayn medianın qiymətləndirilməsi üç əsas meyar üzrə aparılacaq: ekspert rəyi 50 faiz, veb-saytın səhifə baxışları 25 faiz, sosial şəbəkə göstəriciləri isə 25 faiz təşkil edəcək. Qiymətləndirmədə materialların orijinallığı, jurnalistikanın peşə prinsiplərinə uyğunluğu, dil və üslub keyfiyyəti, plagiatın olub-olmaması, texniki göstəricilər və auditoriyanın fəallığı nəzərə alınacaq.
Sosial şəbəkələr üzrə Facebook, Instagram, TikTok, YouTube, Telegram və X platformalarındakı göstəricilər qiymətləndiriləcək. Hesabın media subyektinə məxsusluğu təsdiqlənmədikdə həmin platforma üzrə bal verilməyəcək. Saxta izləyici, süni baxış və qarşılıqlı əlaqə göstəricilərinin artırılması isə qayda pozuntusu hesab ediləcək.
Çap mediası üzrə müsabiqədə ictimai-siyasi qəzetlər iştirak edə biləcək. Qəzet son bir ildə müntəzəm nəşr olunmalı, həftədə azı bir dəfə çap edilməli, birdəfəlik tirajı 1500, yayımı isə 1000 nüsxədən az olmamalıdır. Yaradıcı heyət azı beş nəfərdən ibarət olmalıdır.
Qaydalarda jurnalistlər üçün ayrıca müsabiqə də nəzərdə tutulur. Jurnalistlər son üç ayda çap və ya onlayn mediada dərc edilmiş bir yazı ilə səkkiz nominasiya üzrə iştirak edə biləcəklər. Bunlara ən yaxşı reportaj, ictimai-siyasi və sosial-iqtisadi təhlil, müsahibə, mədəniyyət materialı, publisistik məqalə, jurnalist araşdırması və oçerk daxildir.
Audiovizual media nümayəndələri isə son üç ayda yayımlanmış, müddəti beş dəqiqədən çox olmayan süjetlə üç nominasiya üzrə müraciət edə biləcəklər. Hər nominasiya üzrə ən çox beş qalib seçiləcək. Qalib jurnalistlərə 700 manat, qalib süjetlərin hazırlanmasında iştirak etmiş operatorlara isə 350 manat mükafat veriləcək.
Jurnalistlərin təqdim etdiyi materiallar ekspertlər tərəfindən 80 faiz, sosial şəbəkələrdəki qarşılıqlı əlaqə göstəriciləri isə 20 faiz çəkidə qiymətləndiriləcək. Süni şəkildə artırılmış bəyənmə, şərh və paylaşımlar nəzərə alınmayacaq.
Qərara əsasən, qaydaların pozulması, saxta sənədlərin və yanlış məlumatların təqdim edilməsi, eləcə də göstəricilərin süni artırılması maliyyə yardımının dayandırılmasına və ya müsabiqə iştirakçısının kənarlaşdırılmasına səbəb ola bilər.
Qeyd edək ki, qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.



