"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətinin coğrafi miqyasının, beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfəri sadəcə iki ölkə arasında diplomatik münasibətlərin növbəti mərhələsi kimi qiymətləndirmək doğru olmaz. Burada Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində yeni iqtisadi, siyasi və geostrateji imkanlar formalaşdırmaq niyyəti də aydın görünür".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Vyetnam münasibətlərinin kifayət qədər dərin tarixi var:
"1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə möhkəmlənən dostluq ənənələri, 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri ilə daha da inkişaf edib. Bu tarixi bağların müasir mərhələdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycan diplomatiyasının ardıcıl və uzaqgörən siyasətinin göstəricisidir. 2025-ci ildə Vyetnam Prezidenti To Lamın Azərbaycana dövlət səfəri zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətlərə yeni məzmun qazandırdı. Prezident İlham Əliyevin hazırkı səfərinin əsas əhəmiyyəti isə siyasi etimadın konkret iqtisadi nəticələrə çevrilməsi üçün yeni imkanlar yaratmasıdır. Vyetnam son illərdə Asiyanın ən dinamik iqtisadi inkişaf edən ölkələrindən birinə çevrilib. Sənaye istehsalı, texnologiya, elektronika, kənd təsərrüfatı və beynəlxalq ticarət sahəsində qazandığı mövqelər bu ölkəni Azərbaycan üçün mühüm tərəfdaşa çevirir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda yerləşən mühüm enerji, nəqliyyat və logistika mərkəzi kimi Vyetnamın Avropa və digər bazarlara çıxışında əhəmiyyətli rol oynaya bilər".
Politoloq qeyd edib ki, xüsusilə enerji, investisiya, nəqliyyat-logistika, ticarət, müdafiə sənayesi və müasir texnologiyalar sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur:
"Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərindəki mövqeyi, Vyetnamın isə Cənub-Şərqi Asiyadakı iqtisadi və istehsal imkanları qarşılıqlı maraqları uzlaşdırır. Bu əməkdaşlıq yeni ticarət marşrutlarının, biznes əlaqələrinin və investisiya layihələrinin formalaşmasına şərait yarada bilər. Məncə, səfərin daha bir mühüm tərəfi Azərbaycanın xarici siyasətdə çoxvektorlu və balanslı yanaşmasının nümayişidir. Bakı beynəlxalq münasibətlər sistemində müxtəlif coğrafiyaları, siyasi mərkəzləri və iqtisadi güc sahiblərini bir araya gətirə bilən etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan öz coğrafi mövqeyini diplomatik və iqtisadi üstünlüyə çevirməyi bacarır. Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, müstəqil xarici siyasət kursunun və milli maraqlara əsaslanan diplomatik strategiyasının növbəti təzahürüdür. Ən vacib məqam isə budur ki, Azərbaycan artıq mövcud tərəfdaşlıq əlaqələrini qorumaqla kifayətlənmir, onları yeni iqtisadi coğrafiyalara və gələcəyin əməkdaşlıq platformalarına daşıyır. Bu baxımdan Bakı ilə Hanoy arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində daha da möhkəmlənməsi hər iki dövlət üçün uzunmüddətli dividendlər vəd edir".



