"Baku TV" Prezident İlham Əliyevin Vyetnamın tarixi məkanlarını ziyarət etməsi ilə bağlı süjet hazırlayıb.
Demokrat.az xəbər verir ki, süjetdə Prezident İlham Əliyevin Hanoyda "İnqilab şəhidləri" abidəsi, Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etməsi barədə məlumat verilib.
Qeyd edilib ki, "İnqilab şəhidləri" abidəsi Vyetnamın müstəqilliyi və azadlığı uğrunda canında keçənlərin xatirəsi burada - Hanoy şəhərinin mərkəzində yerləşən bu abidədə yaşadılır. "Bakson" memorialı kimi tanınan bu abidə Ho Şi Min mavzoleyinin qarşısında, Ba Dinh meydanının yaxınlığında ucaldılıb. İnşasına 1993-cü ildə başlanılan və 1994-cü ildə tamamlanan memorial Vyetnamın müharibə tarixində həlak olmuş qəhrəmanların xatirəsinə həsr olunub.
Süjetdə bildirilib ki, memarlığında ənənəvi Vyetnam üslubu ilə müasir elementlər birləşdirilib. Abidənin sadə, lakin monumental görünüşü xalqın yaddaşında yaşayan qəhrəmanlıq, fədakarlıq və milli birlik ideyalarını ifadə edir:
"Bu məkan yalnız tarixi abidə deyil, həm də Vyetnam xalqının azadlıq uğrunda mübarizəsinin, müstəqilliyə gedən yolda verdiyi itkilərin və həmin xatirəyə göstərilən ehtiramın simvoludur. Burada keçirilən anım mərasimləri isə keçmişlə bu gün arasında mənəvi bağ yaradır".
Eyni zamanda vurğulanəb ki, Vyetnamın müasir tarixini, müstəqillik mübarizəsini və ölkənin ən mühüm siyasi simalarından birinin həyatını əks etdirən məkanlardan biri də Ho Şi Min muzeyidir:
"Hanoy şəhərində Ba Dinh meydanı yaxınlığında yerləşən muzey Ho Şi Minin həyat və fəaliyyətinə, onun rəhbərlik etdiyi milli azadlıq mübarizəsinə, eləcə də Vyetnamın tarixi dönüş nöqtələrinə həsr olunub".



