Armud təkcə dadlı və şirəli meyvə deyil, həm də həzm sisteminin fəaliyyətini yaxşılaşdıran, toxluq hissini uzadan və ürək-damar sağlamlığını dəstəkləyən faydalı qida məhsuludur. Diyetoloqlar bu meyvənin gündəlik qidalanmaya daxil edilməsini tövsiyə edirlər.
Demokrat.az xəbər verir ki, bu barədə "La Nación" nəşri dietoloq Karolina Kaligürinin açıqlamalarına istinadən yazıb.
Mütəxəssisin sözlərinə görə, armudun əsas üstünlüklərindən biri onun yüksək su və lif tərkibidir. Meyvənin 80 faizdən çoxu sudan ibarətdir. 100 qram armud isə təxminən 57 kilokalori enerji verir.
Diyetoloq armudu qabığı ilə birlikdə yeməyi məsləhət görür. Çünki antioksidantların, polifenolların və flavonoidlərin əhəmiyyətli hissəsi məhz qabıqda cəmləşir. Bununla belə, meyvə əvvəlcədən yaxşı yuyulmalıdır.
Armudun orqanizm üçün 5 əsas faydası:
1. Həzmi yaxşılaşdırır və toxluq hissini uzadır
Armudun tərkibindəki həll olunan və həll olunmayan liflər bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını almağa kömək edir. Su ilə zəngin olması isə mədədə həcminin artmasına və toxluq hissinin daha uzun müddət davam etməsinə şərait yaradır.
2. Qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir
Armudun qlisemik indeksi aşağıdır və çeşidindən, yetişmə dərəcəsindən asılı olaraq 33-41 arasında dəyişir. Bu xüsusiyyət qlükozanın qana daha tədricən keçməsinə kömək edir və qan şəkərində kəskin dəyişikliklərin qarşısını almaqda faydalı ola bilər.
3. Antioksidant təsir göstərir
Meyvənin tərkibində C vitamini, mis və fenol birləşmələri var. Bu maddələr sərbəst radikalların təsirini azaltmağa, hüceyrələri oksidləşdirici stresdən qorumağa və immun sisteminin normal fəaliyyətini dəstəkləməyə kömək edir.
4. Ürək-damar sağlamlığını dəstəkləyir
Armud natrium baxımından kasad, kalium baxımından isə zəngin meyvələrdəndir. Kalium orqanizmdə su-duz balansının qorunmasında və arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayır. Bu səbəbdən armudun tərəvəzlərlə zəngin, duzu az olan qidalanma rejiminə daxil edilməsi ürək-damar sağlamlığı üçün faydalı hesab olunur.
5. Faydalı bioaktiv maddələrlə zəngindir
Armudun tərkibindəki flavonoidlər və digər fenol birləşmələri antioksidant xüsusiyyətlərə malikdir. Bu maddələrin konsentrasiyası xüsusilə meyvənin qabığında daha yüksək ola bilər. Buna görə də armudun qabığı soyulmadan yeyilməsi onun qida dəyərindən daha yaxşı faydalanmağa imkan verir.
Diyetoloq qeyd edir ki, armudun müntəzəm istehlakı balanslı qidalanmanın bir hissəsi kimi həzm sisteminin fəaliyyətinə, toxluq hissinə və ümumi sağlamlığa müsbət təsir göstərə bilər.



