COVID-19-a yoluxduqdan sonra qoxu hissini itirən insanların bir qismində problem illərlə davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin apardığı beşillik tədqiqat göstərib ki, koronavirusdan sonra bu problemlə üzləşən xəstələrin əhəmiyyətli hissəsində qoxu hissi tam bərpa olunmayıb.
Demokrat.az "VCUnews"a istinadən xəbər verir ki, tədqiqatçılar COVID-19-dan sonra qoxu hissini itirmiş və milli xəstə məlumat bazasına daxil edilmiş 2 mindən çox şəxsin məlumatlarını təhlil ediblər.
İkiillik müşahidənin nəticələrinə əsasən, iştirakçıların 38 faizində qoxu hissi tam, 54 faizində isə qismən bərpa olunub. Respondentlərin 7 faizi isə qoxu hissinin bərpa edilmədiyini və ya vəziyyətin pisləşdiyini bildirib.
Sonrakı müşahidələr zamanı tam sağalanların payında artım qeydə alınıb. Belə ki, ötən ilədək iştirakçıların 44 faizində qoxu hissi tam bərpa olunub, 48 faizində qismən yaxşılaşma müşahidə edilib. Daha 7 faizində isə problem davam edib və ya vəziyyət pisləşib.
Araşdırmada qoxu hissinin bərpası ilə yaş arasında əlaqə də müəyyənləşdirilib. 40 yaşdan aşağı iştirakçıların 62 faizində qoxuları ayırd etmək qabiliyyəti tam bərpa olunduğu halda, yaşı daha çox olanlarda bu göstərici 34 faiz təşkil edib.
Tədqiqatçılar bunu yaş artdıqca qoxu sistemindəki hüceyrələrin yenilənmə qabiliyyətinin azalması ilə əlaqələndirirlər.
Mütəxəssislər qoxu hissinin bərpası üçün istifadə olunan üsullardan biri kimi qoxu təlimini göstərirlər. Bu metod müxtəlif qoxuların müntəzəm şəkildə hiss etdirilməsi yolu ilə sinir yollarının stimullaşdırılmasını nəzərdə tutur.
Tədqiqat müəllifləri COVID-19-dan sonra uzun müddət davam edən qoxu itkisinə qarşı daha effektiv müalicə üsullarının hazırlanmasının vacibliyini vurğulayırlar.



