YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

"Bizim sənətimiz qəribədir, kişi kimi..."

Bizim sənətimiz qəribədir, kişi kimi...

Türkiyənin tanınmış müğənnisi Nükhet Duru sənət həyatında üzləşdiyi incikliklərdən, rəqabətdən və uzun illərdir qoruduğu həyat prinsiplərindən danışıb.

Demokrat.az xəbər verir ki, sənətçi bu barədə Gözde Atasoyun aparıcısı olduğu "İşin Zirvesinde" proqramında açıqlamalar verib.

Nükhet Duru bildirib ki, musiqi karyerasında əsas məqsədi qısa müddətli populyarlıq deyil, uzun illər yaddaşlarda qalacaq əsərlər yaratmaq olub. Onun sözlərinə görə, daha çox qazanc əldə etmək üçün kommersiya xarakterli mahnılar ifa edə bilərdi, lakin öz sənət prinsiplərindən imtina etməyib.

Müğənni sənət aləmində hər kəsin dürüst rəqabət aparmadığını da vurğulayıb:

"Bizim sənətimiz qəribədir. Hər kəs kişi kimi rəqabət aparmır. Müxtəlif hadisələrlə qarşılaşmışam. Bunların öhdəsindən kinlə deyil, özümə zərər verməklə gəlirdim. Sonra gördüm ki, bu, yaxşı nəticə vermir. Məni incidən məsələləri yavaş-yavaş dilə gətirməyə başladım".

Sənətçi ulduz olmaq niyyəti ilə fəaliyyətə başlamadığını da etiraf edib. O bildirib ki, əsas istəyi sevdiyi musiqiləri ifa etmək və səhnədə insanlara sevinc bəxş etmək olub. Hətta bu gün də böyük şöhrətdən çox, hər axşam səhnəyə çıxaraq saatlarla mahnı oxumağı üstün tutur.

Nükhet Duru uğurun daimi inkişafdan keçdiyini düşünür. Onun fikrincə, özünü zirvədə hesab edən insan inkişafını dayandırmış sayılır. Müğənni yeni yollar sınamağın və risk etməkdən çəkinməməyin vacibliyini qeyd edib.

Uzun illərdir qoruduğu fiziki görünüşünün sirlərindən danışan sənətçi sağlam qidalanmaya xüsusi diqqət yetirdiyini bildirib. O, heç vaxt siqaret çəkmədiyini, fastfuddan uzaq durduğunu və təbii qidalara üstünlük verdiyini söyləyib.

Duru hesab edir ki, həqiqi gözəllik yalnız kosmetik vasitələrlə deyil, ilk növbədə daxili sağlamlıq və düzgün həyat tərzi ilə bağlıdır.