İsrailin hərbi xərcləri İranın müvafiq göstəricisini təxminən 6,5 dəfə üstələyir. Bununla belə, iki ölkənin hərbi gücünü yalnız müdafiə büdcələri ilə müqayisə etmək mümkün deyil.
Demokrat.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatları əsasında "Hürriyet" nəşrinin hazırladığı təhlildə bildirilir.
SIPRI-nin 2026-cı ilin aprelində açıqladığı hesabatına görə, İsrail 2025-ci ildə hərbi xərclərə 48,3 milyard dollar, İran isə 7,4 milyard dollar vəsait ayırıb. Beləliklə, iki ölkənin hərbi büdcələri arasında təxminən 41 milyard dollar fərq yaranıb.
SIPRI-nin silah transferləri üzrə tədqiqatçısı Zain Hussain bildirib ki, İran uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları vasitəsilə uzaq hədəfləri vurmaq imkanlarına malikdir. İsrail isə daha təkmil dəqiq zərbə vasitələri, hərbi aviasiya və çoxqatlı hava hücumundan müdafiə sistemləri ilə seçilir.
Silah təchizatı baxımından da iki ölkənin yanaşması fərqlidir. İsrail 2021-2025-ci illərdə əsas silah sistemlərinin 68 faizini ABŞ-dan, 31 faizini isə Almaniyadan əldə edib. İran isə beynəlxalq sanksiyalar səbəbindən əsasən yerli raket və PUA istehsalını inkişaf etdirməyə yönəlib.
Təhlükəsizlik və strategiya üzrə mütəxəssis, istefada olan polkovnik İbrahim Keleş hesab edir ki, İranın hərbi xərclərinin rəsmi göstəriciləri ölkənin real müdafiə potensialını tam əks etdirməyə bilər. Onun sözlərinə görə, İran xüsusilə raket texnologiyalarının inkişafına ciddi investisiyalar yatırıb.
Təhlildə nüvə potensialına da diqqət çəkilib. SIPRI-nin qiymətləndirməsinə əsasən, İsrailin 2026-cı ilin yanvarına təxminən 90 nüvə başlığına malik olduğu ehtimal edilir. İran isə nüvə silahına sahib ölkələr sırasında göstərilmir. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, 2025-ci ilin iyununda İranın 60 faizə qədər zənginləşdirilmiş 440,9 kiloqram uran ehtiyatı olub.
Bununla belə, uranın zənginləşdirilməsi hazır nüvə silahına sahib olmaq demək deyil. Hesabatda qeyd olunur ki, İsrail İranın nüvə potensialının inkişafını öz təhlükəsizliyi üçün təhdid hesab edir.



