Xəzər dənizinin sahilində qeyri-adi hadisə qeydə alınıb. Kadrlarda sahildə qumun altından qara rəngli, palçığabənzər maddənin təzyiqlə səthə çıxdığı görünür. Görüntülər palçıq vulkanının fəaliyyətini xatırlatsa da, hadisənin səbəbi hələlik məlum deyil.
Ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a açıqlamasında bildirib ki, hadisə palçıq vulkanının fəaliyyətinə bənzəsə də, qaz çıxışı da ola bilər:

"Palçıq vulkanı olduğunu dəqiq demək çətindir. Çünki palçıq vulkanı püskürərkən müəyyən diametrdə püskürmə baş verir. Bu hadisə isə daha çox qaz çıxışına bənzəyir. Xəzər dənizi və Abşeron yarımadası karbohidrogen və mineral ehtiyatlarla zəngindir. Ona görə də bu hadisə qeyri-adi və anormal təbiət hadisəsi deyil. Palçıq vulkanının əlamətləri də ola bilər, lakin başqa səbəblərdən də baş verməsi mümkündür. Hər halda, seysmoloq-vulkanoloqlar və ya hidroloqlar tərəfindən hadisənin yerində araşdırılması daha məqsədəuyğun olardı. Məsələ mütləq yerində incələnməlidir".
Ekoloq əlavə edib ki, görüntülərdə ərazidən buxar şəklində qazın çıxdığı müşahidə olunur:
"Həmin qazın tərkibi müəyyənləşdirilməli, nümunələr götürülərək laboratoriyada araşdırılmalıdır. Qorxulacaq bir şey yoxdur. Abşeron yarımadasında və Xəzər dənizində demək olar ki, hər gün seysmoloji hadisələrlə rastlaşırıq. Eyni zamanda, dənizin dibində, istər sahilə yaxın ərazilərdə, istərsə də quruda palçıq vulkanlarına tez-tez təsadüf olunur. Bu, hər hansı qaz çıxışı ola bilər. Dəqiq fikir bildirmək üçün hadisəni yerində araşdırmaq lazımdır".



