Tovuz rayonunda 24 yaşlı oğlan sevgi münasibətində olduğu qadını öldürməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Sərxan (ad şərtidir – red.) yaxın münasibətdə olduğu, 1990-cı il təvəllüdlü Rəvanənin (ad şərtidir – red.) onu təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bundan sonra 24 yaşlı oğlan qadının sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlib. Bu məqsədlə idarə etdiyi, atasına məxsus "Hyundai Sonata" markalı avtomobillə 18 aprel 2024-cü il tarixdə, saat 09 radələrində Rəvanəni faktiki yaşadığı ünvandan götürərək Tovuz rayonundakı kəndlərdən birinin ərazisində, avtomobil yolunun kənarında yerləşən əkin sahəsinə aparıb.
Orada Rəvanəni avtomobildən düşürərək avtomobilin yük yerində olan iki litrlik plastik qabda saxladığı benzin məhlulunu götürüb və qadının üzərinə töküb. Daha sonra əlindəki alışqanla onu yandırıb.
Rəvanə həmin ilin aprelin 28-də müalicə olunduğu Bakı şəhərində yerləşən tibb müəssisəsinin yanıq şöbəsində aldığı yanıq xəsarətləri nəticəsində ölüb.
Sərxan barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə tövsif edib.
Sərxan ifadəsində bildirib ki, 2024-cü ildə işdən evə qayıdanda atası Mehdi mərhum Rəvanə ilə hansı münasibətdə olduğunu soruşub və gələcəyinin yaxşı olması üçün onunla əlaqələrini kəsməsini istəyib:
"Həmin vaxt bir neçə gün idi ki, artıq mərhum Rəvanə ilə danışmırdım. Bundan sonra gecə işlədiyim kafeyə getdim. Həmin axşam Rəvanə zəng edəndə ona bir daha mənə zəng etməməsini, başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim. Səhəri gün Rəvanə yenidən zəng edərək sonuncu dəfə görüşmək istədiyini dedi.
İdarə etdiyim avtomobilin benzin nasosunda problem olduğundan avtomobili "pribor" işlətmişəm. Buna görə də avtomobilin sağ oturacağının altında plastik qabda daim benzin saxlamışam. Mən xalam oğlu Maqsudla birlikdə Rəvanəni yaşadığı evdən götürdüm.
Hərəkətdə olarkən Rəvanə avtomobili yolun kənarında saxlamağımı və şəkil çəkdirməyi təklif etdi. Mən avtomobili həmişə dayanıb söhbət etdiyimiz və şəkil çəkdirdiyimiz yerdə saxladım. Rəvanə bir dəqiqəlik avtomobildən düşərək çöldə işi olduğunu dedi.
Bundan sonra avtomobilin saxlanc yerindən siqaretlə alışqanı götürdüm və siqareti yandıraraq yenidən qoltuqaltına qoydum. Həmin vaxt Rəvanənin başından aşağı benzin tökdüyünü gördüm və qarşısını almaq üçün ona yaxınlaşaraq nə etdiyini soruşdum. Rəvanənin əlindən benzini götürmək istədim. Lakin əlimdəki siqaret benzinə dəydi və bu zaman o, qəfildən yanmağa başladı.
Su olmadığı üçün Rəvanəni torpaq vasitəsilə söndürdüm və xəstəxanaya apardım. Xəstəxanada olarkən Rəvanə üçün aptekdən həkimlərin dediyi dərmanları aldım".
Təqsirləndirilən şəxs bildirib ki, Rəvanə ilə bir ilə yaxın sevgi münasibətində olub və əvvəllər aralarında mübahisə olmayıb. Onun sözlərinə görə, sonuncu dəfə Rəvanə zəng edəndə ondan bir daha zəng etməməsini istəyib:
"Çünki atam Rəvanə ilə əlaqəmi kəsməyimi demişdi. Hadisədən 10 gün əvvəl Rəvanə məndən, xatırladığım qədəri ilə, 1000-1500 manat məbləğində pul istəmişdi. Mən də həmin məbləği ona vermişdim. Lakin Rəvanənin əvvəllər atamdan pul istəməsi barədə məlumatım olmayıb. Hadisədən əvvəl Rəvanə özü atamdan pul istədiyini mənə demişdi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən əvvəl səhər tezdən Rəvanə yenidən ona zəng edib və harada olduğunu soruşub:
"Mən obyektdə olduğumu və bir azdan oranı açacağımı dedim. Rəvanə onu götürməyimi və son dəfə məni görmək istədiyini dedi. Mən də razılaşdım və onu evindən götürdüm.
Biz "Əsrik yolu" adlanan yerə getdik. Rəvanə ilə görüşən zaman avtomobildə anamın xalası oğlu Maqsud da olub. Rəvanə avtomobildə arxamda əyləşdi, Maqsud isə arxa sağ tərəfdə bükülərək yatdı.
Rəvanə mənə həmişə söhbət etdiyimiz yerə getməyi təklif etdi. Mən də avtomobili oraya sürdüm. Çatdıqda avtomobili saxlayaraq saxlanc yerindən siqaretlə alışqanı götürdüm və siqaretimi yandırdım. Həmin vaxt Rəvanə artıq avtomobildən düşmüşdü.
Avtomobildən düşəndən sonra Rəvanənin üzərinə benzin tökdüyünü gördüm. Lakin hansı səbəbdən tökdüyünü bilmədim. Rəvanənin benzini götürməsindən xəbərim olmayıb. Çünki avtomobili saxladıqdan sonra ilk olaraq Rəvanə, sonra isə mən düşdüm. Xalam oğlu isə həmin vaxt yatmışdı.
Rəvanə üzərinə benzin tökən zaman mənə heç nə demədi. Xatırladığım qədəri ilə, Rəvanənin əl nahiyəsi yanmağa başladı. O yanmağa başlayanda xalam oğlu səs-küyə oyanaraq yanımıza gəldi və qızı söndürməyə kömək etdi.
Rəvanənin özünü yandırmasına səbəb kimi məndən ayrılmaq istəməməsini düşünmüşəm".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, əvvəllər Rəvanə ilə aralarında mübahisələr zamanı o, özünü yandıracağını və həyatına qəsd edəcəyini deməyib:
"Hadisədən əvvəl mən Rəvanəyə zəng edərək ayrılmağı dedim. O, özünü yandıracağını, həyatına qəsd edəcəyini bildirdi".
İbtidai istintaq zamanı ifadə verən Sərxan özünü qismən təqsirli bilib. O, Rəvanə ilə bir müddət sevgili olması, sonradan ayrılmaları barədə aralarında mübahisələrin yaranması, həmçinin Rəvanəni yandırması barədə geniş etirafedici ifadə verib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilib. Şikayətlərdə təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilməsi və ona daha yüngül cəza verilməsi xahiş olunub.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayətlər təmin edilməyib.



