Bakıda 23 yaşlı rəssam Gülarə Mehdiyevanın ögey qardaşı tərəfindən öldürülməsi ilə bağlı hadisənin bəzi detalları üzə çıxıb.
Demokrat.az bildirir ki, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev ilkin ifadəsində bacısını qısqanclıq zəminində öldürdüyünü iddia edib.
Araşdırmalar zamanı məlum olub ki, Gülarə Mehdiyeva ilə şübhəli şəxs ata bir, ana ayrı bacı-qardaş olublar. Onlar Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən evdə yaşayıblar.
Hadisə noyabrın 16-da saat 14:30 radələrində həmin evin mətbəxində baş verib. Belə ki, 18 yaşlı gənc bıçaqla bacısına hücum edərək ona üç ağır zərbə vurub. Səs-küyü eşidən qonşular hadisə yerinə gələrək təcili tibbi yardım çağırıblar. Xəstəxanaya çatdırılan Gülarə Mehdiyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir. (qafqazinfo)



