Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən, uzun illər sakinlər arasında Dəmiryol Xəstəxanası kimi tanınan tibb müəssisəsinin ərazisində söküntü işləri aparılır.
Demokrat.az-ın "ATV Xəbər"ə istinadən məlumatına görə, tibb müəssisəsinin yerində yaşayış binasının inşa ediləcəyi ilə bağlı iddialar yayılıb.
Bununla bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixli qərarına uyğun olaraq Dəmir Yollarının tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak artıq onların balansında deyil.
Məlumata görə, Mərkəzi Dəmiryol Xəstəxanası başqa bir dövlət qurumunun balansına keçib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:
"Sərəncama uyğun olaraq xəstəxananın ərazisində nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məxsus yeni infrastrukturun yaradılması nəzərdə tutulub".
Qurumdan o da bildirilib ki, müvafiq infrastrukturun yaradılması, eləcə də xidmətlərin təşkili ilə bağlı ictimaiyyətə mərhələli şəkildə məlumat təqdim ediləcək.
Ətraflı videomaterialda:



