Bakıda son dövrlər idman zallarına maraq artıb. Arıqlamaq, bədən quruluşunu formaya salmaq və sağlam həyat tərzi keçirmək istəyənlərin bir çoxu idman zallarına üz tutur. Lakin məşqlər hər zaman gözlənilən nəticəni vermir.
Bəs idman zalına gedənlər ən çox hansı səhvlərə yol verirlər? Zədələnmələrin qarşısını almaq üçün nələrə diqqət edilməlidir? Arıqlamaq istəyənlər üçün düzgün qidalanma daha vacibdir, yoxsa müntəzəm idman?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında məşqçi Vəfa Əhmədova bildirib ki, texnologiyanın inkişafı insanların idman vərdişlərinə də təsir göstərib.

Onun sözlərinə görə, bəzi insanlar ChatGPT vasitəsilə məşq proqramları hazırlayır, digərləri isə YouTube videolarına baxaraq idman edirlər:
"İdman zalına yeni gələn şəxslərin bəzilərinin telefona baxaraq, YouTube videolarını izləyərək məşq etdiyini görürəm. Onlara yaxınlaşıb hərəkətləri düzgün yerinə yetirmədiklərini bildirir və bu məşqləri haradan öyrəndiklərini soruşuram. Çoxu videolara baxaraq məşq etdiyini deyir. Lakin nəzərə almaq lazımdır ki, həmin videolardakı şəxslər uzun müddətdir idmanla məşğul olur və müəyyən fiziki hazırlığa malikdirlər. Yeni başlayanlar isə onların yerinə yetirdiyi hərəkətləri olduğu kimi təkrarlamamalıdırlar. Hər kəs ilk növbədə öz fiziki hazırlığını, gücünü və bədəninin imkanlarını nəzərə almalı, məşqlərə uyğun səviyyədən başlamalıdır.
Təəssüf ki, insanların çoxu məşqçiyə pul ödəmək istəmir. Bəziləri ChatGPT vasitəsilə proqram hazırlayır, bəziləri isə YouTube-dan gördüklərini təkrarlayır. Halbuki bu proqramların və hərəkətlərin hər kəs üçün uyğun olmadığını nəzərə almaq lazımdır. Müşahidələrimə görə, zədələrin əhəmiyyətli hissəsi də məhz özbaşına məşq edən insanlarda baş verir.
Peşəkar məşqçi hər bir insana fərdi yanaşmalı, onun məqsədini və fiziki vəziyyətini nəzərə almalıdır. Zala gələnlərin məqsədləri də fərqlidir. Kimi xarici görünüşünü dəyişmək, kimi sağlamlığı ilə bağlı problemləri aradan qaldırmaq üçün məşq edir. Elə insanlar var ki, həkim onlara idmanla məşğul olmağı tövsiyə edib. Bəziləri isə sadəcə başqalarına baxıb bu sahəyə maraq göstərir.
İnsanların əksəriyyəti qısa müddətdə nəticə əldə etmək istəyir. Amma bu, mümkün deyil. Çünki hər kəsin genetikası, yaşı, fiziki göstəriciləri və sağlamlıq vəziyyəti fərqlidir. İdmanı həyat tərzinə çevirmək lazımdır. Məşqə başlayanların heç 30 faizinin belə bunu davamlı həyat tərzinə çevirdiyinə inanmıram. Xüsusilə gənclərin bir qismi müəyyən müddətdən sonra həvəsini itirir. Davamlı məşq edənlər isə adətən məqsədini və nə istədiyini daha yaxşı bilən insanlardır.
Zədələrin yaranmasının başqa bir səbəbi də məşqçilərin qeyri-peşəkar yanaşmasıdır. Bəzi məşqçilər hər kəsə eyni proqramı tətbiq edirlər. Halbuki idmana sıfırdan başlayan insanın fiziki gücünə uyğun yüklənməsi lazımdır. Onu birdən-birə ağır məşqlərə cəlb etmək olmaz. Bədən tədricən yüklənməyə alışmalıdır. Əks halda, insan zədə ala bilər.
Əlbəttə, məşqçilərin də məsuliyyəti var. Bəzilərinin xidmət qiymətləri kifayət qədər yüksəkdir. Mən özüm buna görə münasib qiymət müəyyən edirəm ki, daha çox insan bu xidmətdən yararlana bilsin. İnsan müəyyən müddətdən sonra məşqləri düzgün yerinə yetirməyi öyrənməli və müstəqil məşq edə bilməlidir.
Məşqçinin əsas məqsədi insanı özündən asılı saxlamaq yox, ona düzgün məşq etməyi öyrətməkdir.
Bir insan idmana yeni başlayırsa, onu birdən-birə nə ağır məşqlərlə, nə də sərt pəhrizlə yükləmək olmaz. Təcrübəsi az olan və hər kəsə fərdi yanaşmayan məşqçilər bəzən idmana yeni başlayanlara elə ilk gündən ağır pəhriz proqramları təqdim edirlər. Halbuki həmin insan indiyə qədər istədiyi kimi qidalanıb, müntəzəm məşq etməyib. Birdən-birə həm ağır məşqlərə başlamaq, həm də qidalanmanı ciddi şəkildə məhdudlaşdırmaq düzgün deyil.
İlk növbədə bədən məşq rejiminə alışmalıdır. Başlanğıc mərhələdə əsas məqsəd ağır çəkilər qaldırmaq və mürəkkəb hərəkətlər etmək deyil, orqanizmi fiziki aktivliyə tədricən uyğunlaşdırmaq olmalıdır.
Qidalanma ilə bağlı isə onlara ilk növbədə porsiyaları azaltmağı məsləhət görürəm. Məsələn, boşqabdakı yeməyi dörd hissəyə bölüb bir hissəsini azaltmaq, qalanını yemək olar. Daha sonra insan tədricən qidalanma vərdişlərini dəyişir. Ümumiyyətlə, tələbə özü xüsusi olaraq istəmədiyi halda, ona sərt pəhriz proqramı təyin etmirəm. Çünki insan ömrü boyu ciddi qida məhdudiyyətlərinə əməl edə bilməz. Belə pəhrizlərin uzun müddət davam etdirilməsi sağlamlıq üçün də mənfi nəticələrə səbəb ola bilər. Buna görə də tələbələrimə hər növ qidadan istifadə etməyi, sadəcə porsiyalara nəzarət etməyi tövsiyə edirəm. Əsas diqqət isə düzgün və müntəzəm məşqə yönəldilməlidir.
İdmanın ən böyük xüsusiyyətlərindən biri də insanın iradəsini və nəfsini tərbiyə etməsidir. Bunu öz təcrübəmdən də bilirəm. İnsan məşq etməyə başladıqca qidalanma vərdişlərində də dəyişiklik hiss edir. Bu, tədricən baş verən prosesdir. Hər şey zamanla formalaşmalıdır.
Bir ay ərzində həm ağır pəhriz, həm də intensiv məşqlərlə böyük nəticə əldə etməyə çalışmaq düzgün deyil. Tələsmək lazım deyil. Əks halda, insan həm zədə ala, həm də orqanizmini ciddi stressə sala bilər.
Bundan başqa, bəzi zallarda kifayət qədər peşəkar təcrübəsi olmayan insanlar da məşqçi kimi fəaliyyət göstərirlər. Məsələn, müəyyən müddət idmanla məşğul olan, yaxşı fiziki göstəricilərə malik şəxslərə məşqçi kimi işləmək təklif olunur. Lakin yaxşı fiziki formaya sahib olmaq hələ peşəkar məşqçi olmaq demək deyil. Bu sahədə təcrübə və bilik də vacibdir. Məşq proqramları sıfırdan başlayanlar, orta səviyyədə olanlar və yüksək fiziki hazırlığa malik şəxslər üçün fərqli qurulmalıdır.
Hesab edirəm ki, məşqçi ilə çalışan insanların zədə alma ehtimalı özbaşına məşq edənlərlə müqayisədə daha azdır. Çünki məşqçi insanın fiziki imkanlarını nəzərə almalı, hərəkətləri düzgün yerinə yetirməsinə nəzarət etməli və məşq yükünü tədricən artırmalıdır".



