Qaraciyərdə piy yığılmasının azaldılması üçün mütləq dərman preparatlarına ehtiyac olmaya bilər.
Demokrat.az bildirir ki, düzgün qidalanma və müntəzəm fiziki aktivlik bu problemin qarşısının alınmasında, eləcə də qaraciyərin fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynaya bilər.
Çinli alimlərin apardığı yeni araşdırma da həyat tərzində edilən dəyişikliklərin qaraciyər sağlamlığına müsbət təsirini ortaya qoyub.
Araşdırmanın nəticələri nüfuzlu elmi nəşrlərdən biri olan "Frontiers in Nutrition" jurnalında dərc edilib.
Tədqiqat çərçivəsində alimlər qaraciyərin qeyri-alkoqol mənşəli piylənməsinin müalicəsində dərmansız yanaşmaların effektivliyini qiymətləndiriblər. Bunun üçün ümumilikdə 23 fərqli üsulu əhatə edən 34 meta-analizin nəticələri təhlil olunub. Araşdırmaya müxtəlif qidalanma modelləri, fiziki məşqlər, qida əlavələri və maddələr mübadiləsini yaxşılaşdırmağa yönəlmiş digər vasitələr daxil edilib.
Məlum olub ki, fasiləli aclıq, gündəlik kalori qəbulunun azaldılması və Aralıq dənizi pəhrizi qaraciyərdə piy toplanmasının azalmasına, həmçinin yağ mübadiləsinin tənzimlənməsinə müsbət təsir göstərə bilər.
Alimlərin qənaətinə görə, fiziki aktivlik də bu prosesdə mühüm əhəmiyyət daşıyır. Aerob məşqlər, güc məşqləri və yüksək intensivlikli interval təlimləri qaraciyərin bəzi göstəricilərinin yaxşılaşması ilə əlaqələndirilib.
Araşdırmada müəyyən qida əlavələrinin təsiri də qiymətləndirilib. Belə ki, omeqa-3 yağ turşuları, D vitamini, piperinlə birlikdə kurkumin və resveratrolun qəbulu bəzi biokimyəvi göstəricilərdə müsbət dəyişikliklərlə müşayiət olunub. Bununla belə, alimlər qeyd ediblər ki, bu vasitələrin effektivliyi qiymətləndirilən göstəricidən asılı olaraq fərqlənir.
Tədqiqat müəllifləri xüsusilə vurğulayıblar ki, qaraciyərdə piy yığılmasının azaldılması üçün ən perspektivli və əsas yanaşmalar qidalanmanın tənzimlənməsi və müntəzəm fiziki aktivlikdir.
Beləliklə, araşdırma qaraciyər sağlamlığının qorunmasında gündəlik vərdişlərin əhəmiyyətini bir daha gündəmə gətirir. Bununla yanaşı, əldə olunan nəticələr bütün xəstələr üçün eyni təsirin təmin olunacağı anlamına gəlmir. Qaraciyər piylənməsi diaqnozu olan şəxslərin qidalanma və məşq proqramını həkimlə məsləhətləşərək müəyyənləşdirməsi vacibdir. Qida əlavələri isə müalicəni əvəz edən vasitə kimi qəbul edilməməlidir.



