YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

"Qarabağ"ın futbolçusunu transfer etmək istədik, amma alınmadı"

Qarabağın futbolçusunu transfer etmək istədik, amma alınmadı

Ukraynanın "Polesye" klubunun baş məşqçi köməkçisi Sergey Kravçenko "Qarabağ"ın yarımmüdafiəçisi Aleksey Kaşuku transfer etmək istədiklərini açıqlayıb.

Demokrat.az xəbər verir ki, ukraynalı mütəxəssis "Ukrainskiy futbol" nəşrinə açıqlamasında 26 yaşlı futbolçunun yay transfer pəncərəsində komandalarına cəlb olunması üçün cəhd göstərdiklərini, lakin razılığın əldə edilmədiyini bildirib.

Kravçenko Kaşukun fərdi keyfiyyətlərini yüksək qiymətləndirərək onun sürətini və rəqiblə təkbətək mübarizələrdəki üstünlüyünü xüsusi vurğulayıb:

"Biz onu "Polesye"də görmək istəyirdik, çünki potensialını və səviyyəsini yaxşı bilirik. O, təkbətək mübarizələrdə rəqibini keçməyi bacarır, sürəti də yüksəkdir. Bizə məhz belə futbolçular lazımdır. Yayda transferinə çalışdıq, amma müəyyən səbəblərdən bu keçid baş tutmadı".

Ukraynalı məşqçi Kaşukun "Qarabağ"da fərqli mövqelərdə oynadılması ilə bağlı fikirlərini də bölüşüb. Onun sözlərinə görə, futbolçunun əsas üstünlüyü cinahda çıxış etməsidir. Kravçenko hesab edir ki, Kaşuk xətlər arasında və ya mərkəz hücumçusu kimi deyil, cinahda daha effektiv oynaya bilər.

Qeyd edək ki, Aleksey Kaşuk noyabr ayında ilk dəfə Ukrayna millisinə dəvət alıb. O, Şimali İrlandiya ilə matçda milli komandada debüt edib. Futbolçunun "Qarabağ"la müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.