YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

"Mançester Siti" Haalandın əvəzləyicisini axtarır: Osimhen də namizədlər arasındadır

Mançester Siti Haalandın əvəzləyicisini axtarır: Osimhen də namizədlər arasındadır

İngiltərənin "Mançester Siti" klubu Erlinq Haalandın mövsümün sonunda komandadan ayrılması ehtimalına qarşı hücum xəttini yeniləməyi planlaşdırır. Namizədlər arasında "Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen də var.

Demokrat.az xəbər verir ki, bu barədə "The Athletic" yazıb.

Məlumata görə, Haaland baş məşqçi Pep Qvardiolanın ayrılmasından sonra komandada qalmağa razılaşsa da, hazırkı layihədən narazıdır. Con Stounz, Rodri və Bernardo Silvanın mümkün gedişi, eləcə də klubla bağlı gözlənilən sanksiyalar norveçli futbolçunun ayrılmaq qərarına təsir edə bilər. PSJ, "Liverpul", "Barselona" və "Real Madrid"in də 26 yaşlı hücumçu ilə maraqlandığı bildirilir.

İddialara əsasən, "Mançester Siti" Haalandın satışından təxminən 175-200 milyon avro gəlir əldə etməyi hədəfləyə bilər. Klub bu vəsait hesabına yeni hücumçu transfer etməyi planlaşdırır. Namizədlər siyahısında "Brentford"un futbolçusu İqor Tiaqo, "Bornmut"dan Evanilson və Viktor Osimhen yer alır.

Osimhenin Avropa təcrübəsi və "Qalatasaray"dakı çıxışı İngiltərə klubunun diqqətini çəkən əsas amillər kimi göstərilir. Nigeriyalı futbolçu cari mövsüm keçirdiyi 11 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Osimhen 2025-ci ilin yayında 75 milyon avro qarşılığında "Qalatasaray"a transfer olunub. Onun İstanbul klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir. Türkiyə mətbuatının məlumatına görə, "Qalatasaray" rəhbərliyi hücumçu üçün 120 milyon avro səviyyəsində təklifi nəzərdən keçirə bilər.

Bununla belə, futbolçunun gələcəyi ilə bağlı mümkün danışıqların mövsümün sonunda intensivləşəcəyi gözlənilir. Hazırda dizindən əməliyyat olunan Osimhenin təxminən beş həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.