YapiKredi Müraciət Forması
Mazda CX-5
Mədəniyyət Özəl

O dövrün bəstəkarları mahnıya yüngül janr kimi baxmırdılar — Aytən Baxşiyeva

O dövrün bəstəkarları mahnıya yüngül janr kimi baxmırdılar — Aytən Baxşiyeva

Azərbaycan musiqisində illər əvvəl yaranan bir çox mahnı bu gün də sevilərək dinlənilir. Məsələn, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın ifaları, eləcə də klassik estrada mahnıları hələ də öz aktuallığını qoruyur. Halbuki müasir dövrdə təqdim olunan bir çox mahnı qısa müddətdə gündəmdən düşür. Bu isə musiqidə keyfiyyət və yaradıcılıq məsələsini yenidən gündəmə gətirir.

Bəs əvvəlki illərin mahnılarını bu qədər yaddaqalan edən əsas xüsusiyyət nədir? Müasir bəstəkarlıqda həmin keyfiyyəti qorumaq niyə çətinləşib?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən Baxşiyeva bildirib ki, əvvəlki illərin mahnılarını uzunömürlülüyünün əsas sirri onların melodik zənginliyində, səmimi emosional ifadəsində və yüksək peşəkarlıqla yaradılmasındadır.

O dövrün bəstəkarları mahnıya yüngül janr kimi baxmırdılar — Aytən Baxşiyeva

Onun sözlərinə görə, əsl mahnı yalnız dinlənildiyi an insana xoş təsir bağışlamaqla kifayətlənməməli, illər keçsə də yaddaşlarda yaşamağı bacarmalıdır:

"Bu, o demək deyil ki, müasir dövrdə yaxşı mahnılar yaranmır. Əlbəttə, yaranır, yetərincə də var. Sadəcə onların arasından həqiqi sənət nümunələrini inci kimi seçməyi bacarmaq lazımdır. İlk növbədə, həmin mahnıların güclü melodik təbiətini qeyd etmək lazımdır. Görkəmli müğənnilərin ifa etdiyi mahnılara diqqət yetirsək, görərik ki, onların hər birinin özünəməxsus melodik siması, musiqi dramaturgiyası və emosional məzmunu var. Bu mahnılarda melodiya ilə söz, musiqi ilə ifaçı, ifaçı ilə dinləyici arasında çox təbii və səmimi bir bağlılıq yaranır.

Əlbəttə, mahnının uzunömürlü, yaddaqalan olmasında düzgün ifa da mühüm rol oynayır. Müğənninin əsəri necə təqdim etməsindən, onun melodiyasını, məzmununu və emosional mahiyyətini nə dərəcədə duymasından çox şey asılıdır. Hətta gözəl bəstələnmiş mahnı belə, ifaçının fərdi yanaşması, səs imkanları və ifa mədəniyyəti ilə dinləyicinin qəlbinə yol tapır. Bəzən məhz müğənninin özünəməxsus ifa tərzi mahnıya ikinci həyat verir və onu yaddaşlara həkk edir. Məsələn, mənim mahnılarımı Əməkdar və Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, İlham Nəzərov, Vaqif Şıxəliyev kimi yüksək peşəkarlığa və təkrarolunmaz səs tembrinə malik müğənnilər ifa edərək möhürlərini vurublar. Bəstəkar üçün müğənni seçimi də mühüm amildir, çünki əsərlərini yaşadan onlar olur.

O dövrün bəstəkarları mahnıya yüngül janr kimi deyil, kiçik bir musiqi əsəri kimi yanaşırdılar. Melodiyanın inkişafına, harmonik dilə, forma bütövlüyünə, sözün musiqidə ifadəsinə xüsusi diqqət yetirilirdi. Mahnının yalnız yadda qalan nəqarətdən ibarət olması kifayət etmirdi. Onun başlanğıcı, inkişafı, kulminasiyası, emosional məntiqi və tamamlanmış musiqi fikri olmalı idi. İndi bu aspektlərə çox az fikir verilir.

Digər mühüm amil isə ifaçılıq məktəbi idi. Məsələn, Rəşid Behbudovun səsinin tembr xüsusiyyətləri, bənzərsiz vokal mədəniyyəti, Şövkət Ələkbərovanın muğam duyumu, səsin emosional çalarlarından məharətlə istifadə etməsi həmin mahnıların bədii dəyərini daha da yüksəldirdi. Onlar mahnını sadəcə ifa etmirdilər, onu yaşayırdılar, onun ruhunu, daxili məzmununu dinləyiciyə çatdırırdılar. Bunun üçün də belə əsərlər konkret bir dövrün çərçivəsində qalmır, zamanın sınağından keçir. Bu gün də həmin əsərləri dövrümüzə uyğunlaşdırıb ifa edənlər var. Müasirliyimizdə musiqi yaradıcılığı tamamilə fərqli informasiya və texnologiya mühitində inkişaf edir. Rəqəmsal platformalar, sosial şəbəkələr, qısa video formatları musiqinin dinləyiciyə çatdırılma üsulunu dəyişib. Bəzən mahnının bədii keyfiyyətindən daha çox onun nə qədər tez yayıldığı, neçə dəfə dinlənildiyi və hansı müddətdə trendə çevrildiyi ön plana keçir.

Bu, təbii ki, müasir musiqinin hamısına aid deyil, lakin çoxluq təşkil edir. Təbii ki, bu gün də yüksək peşəkarlıqla yazılan, maraqlı melodik dili, orijinal musiqi düşüncəsi olan mahnılar yaranır. Lakin kütləvi musiqi bazarında sürətli istehsal və istehlak meyillərinin güclənməsi yaradıcılığa ayrılan zamanın və bədii axtarışların bəzən arxa plana keçməsinə səbəb olur. Mühit, tələblər, dinləyici kütləsi fərqlidir.

Digər tərəfdən, bəstəkarın fərdi üslubunun qorunması da çox vacibdir. Müasir texnologiyalar, müxtəlif proqramlar, süni intellekt və rəqəmsal imkanlar musiqi yaradıcılığı üçün geniş perspektivlər açır. Mən də bəstəkar kimi bu imkanlardan istifadə etməyin tərəfdarıyam. Lakin texnologiya yaradıcılıq prosesində vasitə olmalıdır, onun yerini tutmamalıdır. Əsas olan bəstəkarın musiqi duyumu, zövqü, təfəkkürü, melodik təxəyyülü və özünəməxsus ifadə tərzidir.

Düşünürəm ki, müasir bəstəkarlığın qarşısında duran əsas vəzifə keçmişin musiqi ənənələrini olduğu kimi təkrarlamaq deyil, həmin ənənələrdən yaradıcı şəkildə bəhrələnərək yeni musiqi dili formalaşdırmaqdır. Milli musiqi köklərini qorumaqla müasir ifadə vasitələrindən istifadə etmək mümkündür və bu, Azərbaycan musiqisinin gələcək inkişafı üçün də vacibdir. Mahnının ömrünü onun yayımlandığı platforma, reklamı və ya müvəqqəti populyarlığı deyil, daşıdığı musiqi və bədii dəyər müəyyən edir. Əsl melodiya insanın yaddaşına deyil, qəlbinə yazılır. Zaman keçdikcə dəbdə olan səslənmə tərzləri dəyişir, texnologiyalar yenilənir, amma səmimi hisslərdən doğan, peşəkar düşüncə ilə yaradılan musiqi öz aktuallığını itirmir. Böyük sənətkarların ifalarının bu gün də sevilməsinin səbəbi məhz budur".