YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

Yılmaz Güneylə bağlı sözləri başına bəla oldu: Tənqid və təhdid olunur

Yılmaz Güneylə bağlı sözləri başına bəla oldu: Tənqid və təhdid olunur

Türkiyəli aktrisa Farah Zeynep Abdullah rejissor və aktyor Yılmaz Güney haqqında səsləndirdiyi fikirlərə görə aldığı təhdid və tənqidlərə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, aktrisa bu barədə Fatih Altaylının "YouTube" proqramında danışıb.

Abdullah daha əvvəl sosial şəbəkədə Yılmaz Güney haqqında "Kinematoqrafiyamızın ən yaxşı qadın döyən kişisi" ifadəsini işlətmişdi. Onun bu paylaşımı Türkiyədə geniş müzakirələrə səbəb olmuş, aktrisa çoxsaylı tənqid və təhdidlərlə üzləşmişdi.

Aktrisa bildirib ki, paylaşımına səbəb yazıçı Murathan Munganın Yılmaz Güney haqqında tərif dolu fikirlərini görməsi olub. O, Güneyin kino yaradıcılığına verilən qiymətlə onun şəxsi həyatının və davranışlarının ideallaşdırılmasını fərqli məsələlər hesab etdiyini deyib.

"İnsanlar hələ də mənə hücum edir, təhdidlər göndərirlər. Bu, fanatizmdir. Mənim bir insanı şəxsən sevməmək haqqım yoxdur? Onun kino sənətini bəyənməmək haqqım yoxdur? İstəsə, 35 dəfə "Qızıl Palma" alsın, mənim üçün fərqi yoxdur", deyə aktrisa bildirib.

Abdullah tənqidlərə görə mövqeyindən geri çəkilmək niyyətində olmadığını da vurğulayıb. O, müğənni Kanye Uestin konsertinə getməsinin sənətçinin şəxsi davranışlarını dəstəkləmək anlamına gəlmədiyini qeyd edib.

37 yaşlı aktrisa baş rolunu oynadığı "Bergen" filmi ilə bağlı da danışıb. O, layihəyə qədər Bergenin mahnılarını dinləmədiyini və sənətçini yaxından tanımadığını açıqlayıb.

Abdullah şəxsi həyatı ilə bağlı açıqlamasında isə evliliyi düşünmədiyini, lakin ana olmaq istədiyini söyləyib. Aktrisa 20 yaşından etibarən gələcək övladları üçün videoçarxlar çəkdiyini və qeydlər apardığını bildirib.